Biləsuvar rayonunun inzibati ərazisində şahin quşlarının tutularaq xaricə satılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı Biləsuvar rayonunun Azı deyilən ərazisində şahin quşlarını ovlamaq istəyən rayonun Aranlı kənd sakini Yaqub İbayev saxlanılıb: "Qanun pozucusunun idarə etdiyi 90-UM-312 dövlət nömrə nişanlı "Niva" markalı avtomobilinə keçirilən baxış zamanı şahin quşlarının ovlanmasında istifadə edilən kustar üsulla hazırlanmış kürəyində tələ olan 2 çöl göyərçini, 5 tələ və şahin quşlarının saxlanılması üçün qəfəslər aşkar edilərək maddi sübut kimi götürülüb".
H.Əlizadə qeyd edib ki, fakla bağlı təqsirkar Yaqub İbayev barəsində akt və protokol tərtib olunub və o, 2 000 manat məbləğdə cərimə edilib.