96
16:02
12 Noyabr 2020

“Həm böyük ürəyimiz, həm düşməni vura bilən əlimiz var” - Mahmud Qurbanov

“Şuşanın, eləcə də digər torpaqlarımızın işğaldan azad olunması qürur mənbəyimizdir. Bu, asan başa gəlmədi. 44 gün davam edən müharibədə Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində zəfərə nail olduq”.

Bu sözləri Lent.az saytına açıqlamasında Azərbaycanın sabiq futbolçusu Mahmud Qurbanov deyib.

Hazırda “Neftçi”nin əvəzedici komandasını çalışdıran Qurbanov torpaqlarımızın erməni işğalından azad olunması haqda fikirlərini bildirib. “Professor” ləqəbli sabiq yarımmüdafiəçi hər bir Azərbaycan vətəndaşı kimi, bu günləri çoxdan gözlədiyini qeyd edib: “Torpaqlarımızın neçə illər işğal altında olmasına baxmayaraq, bu xalq sınmadı, gələcəyə nikbin baxdı və inanırdı ki, bizə aid olanı gec-tez geri alacağıq, bayrağımızı Şuşada asacağıq. Həmin gün gəldi. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə xalqımız, vətənimiz üçün çox lazım idi. Neçə illər idi ki, bu günü gözləyirdik, qisas üçün alışıb-yanırdıq. Şükürlər olsun ki, hamılıqla qələbəyə nail olduq”.

Qurbanov vurğulayıb ki, döyüşkən, qəhrəman xalq olduğumuzu döyüş meydanında göstərdik: “Azərbaycan xalqının həm böyük ürəyi, həm də düşməni vura bilən əli var. Müharibə müddətində düşmən mülki şəxslərimizi öldürdü, amma bu da bizi qorxutmadı. Əksinə, qisas hissimiz daha da artdı və yekunda qələbəyə nail olduq. O qədər sevinc, qürur hissi keçirirəm ki, zəfərimizi sözlə tam ifadə edə bilmirəm. Qürur duymalıyıq ki, bu cür xalqımız, ordumuz və Ali Baş Komandanımız var. Yaşasın Azərbaycan!”

Dİgər xəbərlər