64
14:38
10 Noyabr 2020

Ermənistan biabırçı şəkildə təslim oldu - TƏHLİL

Sentyabrın 27-dən Azərbaycan və Ermənistan arasında başlanan hərbi əməliyyatlar öz sonuna çatdı. Təbii ki, xalqımızın siyasi və hərbi qələbəsi ilə. Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin imzaladığı birgə bəyanatın tarixi əhəmiyyəti var. Söhbət Ermənistanın hərbi kapitulyasından gedir. 30 il ərzində münaqişənin həll edilməsiylə bağlı qeyri-konstruktivlik nümayiş etdirən, hər dəfə bir bəhanəylə danışıqları pozan Ermənistan hərbi əməliyyatların nəticəsində biabırçı şəkildə məğlub olaraq Azərbaycan qarşısında diz çökdü. Bu, o Paşinyan, Tonoyan, Sarkisyan və Arutunyan idi ki, son 2 il ərzində Azərbaycana meydan oxumaq və işğal altındakı torpaqları geri qaytarmaq əvəzinə Qarabağla sərhəd olan digər rayonlarımızı da işğal etmək istəyirdilər. Lakin bu dəfə tale üzünü Ermənistandan həmişəlik çevirdi. Ali Baş Komandan və şanlı ordumuz mənfur erməni hərbi-siyasi xuntasını diz çökdürərək ermənilərin əsrlərlə davam edən “Böyük Ermənistan”, “dənizdən dənizə” strategiyalarını həmişəlik tarixin zibilliklərinə atdı.

Qəbul edilmiş bəyanata nəzər salarkən Azərbaycan və Ermənistan arasında ən əsas ziddiyyət kəsb edən məsələnin - Dağlıq Qarabağda referendumun keçirilməsi və statusunun təyin edilməsi ifadələrinin sənədə salınmamasıdır. Ermənilər üçün son dərəcə önəm daşıyan bu prinsipin razılaşmada yer almaması Azərbaycanın ərazi bütövlüyünün bir daha faktiki olaraq tərəflər arasında tanınması mənasını verir. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Beləliklə, Ermənistan tərəfinin uzun illər bağırdığı müstəqillik məsələsi tarixin arxivinə atıldı. Bu isə o deməkdir ki, Dağlıq Qarabağın gələcəyi ancaq Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri çərçivəsində həllini tapacaq.

Beləliklə, 15 noyabradək Kəlbəcər, 20 noyabradək Ağdam, 1 dekabradək isə Laçın rayonundan Ermənistanın işğalçı qoşunları çıxacaq. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Burada xüsusilə dayanmaq lazımdır. Beləliklə, erməni silahlı qüvvələri Azərbaycanın bütün ərazilərini tərk edəcəklər. Bu, təbii ki, Ermənistan üçün arzuolunmaz seçim və ssenari idi.

Eyni zamanda, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Burada da Azərbaycan üçün xüsusi önəm daşıyan məqam var. Bu məqam ondan ibarətdir ki, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz Türkiyə və Rusiya tərəfindən birgə şəkildə idarə olunacaq. Bu isə, Minsk qrupunun faktiki olaraq münaqişənin nizamlanmasından kənarlaşdırılması, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında 2+2 formatı platformasının qəbul edilməsidir. Bu, Türkiyənin Cənubi Qafqazda hüququ əsaslarla varlığı deməkdir. Xatırlatmaq yerinə düşər ki, ermənilər son 1 ayda Ankaranın münaqişənin nizamlanması ilə məşğul olmasına qarşı kəskin fikirlər səsləndirirdilər.

Bundan başqa, razılaşdırılmış sənədə əsasən, Naxçıvan, nəhayət ki, blokadadan çıxır. Belə ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Nəhayət, Dağlıq Qarabağa və ətraf rayonlara azərbaycanlı məcburi köçkünlər qayıdır. Azərbaycanlıların demoqrafik artımının erməniləri üstələməsini nəzərə alsaq, bir neçə il sonra Dağlıq Qarabağda azərbaycanlıların çoxluq təşkil edəcəklərinin əminliklə söyləmək olar.

Beləliklə, Ermənistan məğlub oldu. Təsadüfi deyil ki, sazişdən bir neçə dəqiqə sonra erməni xalqı ayağa qaldıraraq Paşinyanı istefaya səslədi.

Nəhayət, Azərbaycan dövləti, Azərbaycan xalqı 30 ildən sonra torpaqlarını işğaldan azad etdi, erməniləri təslim etdirdi.

Qarabağ Azərbaycandır!

Zaur Məmmədov,

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri

Dİgər xəbərlər