“Barselona”nın futbolçusu Ansu Fati İspaniya çempionatının 9-cu turunda “Betis”lə oyunda zədələnib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubunun rəsmi saytındakı məlumata görə, gənc futbolçuda menisküs yırtığı aşkar olunub.
“Barselona” şənbə günü öz meydanında “Betis”i darmadağın (5:2) edib. Fati start heyətində meydana çıxıb, ancaq ikinci hissənin əvvəlində Lionel Messi ilə əvəzlənib.
Tibbi müayinədən sonra 18 yaşlı forvardın sol diz menisküsünün yırtılması aşkar olunub. Yaxın günlərdə lazım olan müalicə təyin ediləcək. Onun nə vaxt bərpa olunacağı hələ ki məlum deyil.
Fati bu mövsümdə “Barselona”da 10 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.