166
16:27
07 Noyabr 2020

Ermənistanın ekoloji terroru və beynəlxalq neft-qaz xətlərini hədəfə almasına dair HESABAT

Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji terror və beynəlxalq neft-qaz xətlərinin qəsdən hədəfə alınması haqqında hesabatın təqdimatı keçirilib.

APA-nın məlumatına görə, hesabatı Qafqaz Regional Ekoloji Mərkəzinin sədri Mələk Şükürova və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı təqdim edib.

Hesabatda Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə regionun ekoloji durumuna dəyən ziyan və ətraf mühitin deqredasiyası ilə nəticələnən fəsadlarla bağlı məlumatlar əksini tapıb.

Qafqaz Regional Ekoloji Mərkəzinin sədri Mələk Şükürova bildirib ki, işğal edilmiş ərazilər azad olunduqdan sonra həmin ərazilərdə azərbaycanlı və xarici ekspertlər tərəfindən monitorinqlər keçiriləcək: “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. Hazırda işğaldan azad edilən yerlərdə bu vandalizmin miqyasını hələ hesablamaq mümkün olmayıb. Amma həmin ərazilərdə aparılan monitorinqlərdən sonra onun miqyasını qiymətləndirmək mümkün olacaq. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi 6 qorunan ərazidə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib və yox olmaq təhlükəsi ilə üz-üzədir”.

M. Şükürova qeyd edib ki, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası təmas xəttində yaşayan azərbaycanlıların məqsədyönlü şəkildə sudan məhrum edilməsinə dair qətnamə qəbul edib: “Azərbaycanın işğal altında olan ərazilərində 7 relikt göl böyük antropogen təsirə məruz qalıb. 560 milyon kub metr sututumu olan Sərsəng su anbarının qəsdən çirkləndirilməsi nəticəsində yaxın bölgələrdə yaşayan 400 minə yaxın azərbaycanlının həyatı üçün ciddi təhlükə yaranıb”.

M. Şükürova nəzərə çatdırıb ki, bu gün ermənilər tərəfindən qadağan olunmuş fosfor bombalarından istifadə olunur və bu bombaların düşdüyü ərazidə heç nə sağ qala bilməz: “O cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində təxminən 110 min hektardan artıq ərazi yanaraq məhv edilib. Əfsuslar olsun ki, indi də ərazilərin qəsdən məhv edilməsi prosesi davam etməkdədir. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrini yandırmaqla, ekoloji terroru davam etdirir. Ümumiyyətlə isə, planetimizin ekoloji durumuna qarşısıalınmaz zərərlər vurmaqla yeni növ cinayətlərə əl atır”.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib ki, Ermənistan Ordusu tərəfindən neft-qaz kəməri keçən 13 rayondan 7-si raket hücumuna məruz qalıb: “Ayıq-sayıqlıq olmasaydı, Azərbaycan çox böyük təhlükə ilə üz-üzə qala bilərdi. Bu ilin iyul ayında Tovuzda baş verən hadisələr göstərdi ki, Azərbaycanın ölkəmizdə reallaşdırılan beynəlxalq neft-qaz kəmərlərinə hücum mesajlarına olan narahatlığı və xəbərdarlığı əsassız deyil. Bütün dünya şahid oldu ki, Ermənistan öz mesajlarını reallığa çevirməyə çalışır və beynəlxalq layihələrə təhlükə olacaq hücumlar həyata keçirir. Ermənistan Ordusu strateji və beynəlxalq əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin keçdiyi ərazilərdəki rayonları da mütəmadi raket atəşinə tutur. Bu isə Avropanın enerji təhlükəsizliyinə ən böyük təhdiddir”.

Dİgər xəbərlər