100
13:02
06 Noyabr 2020

“Nəhayət, özümüzü əsil müstəqil dövlət kimi hiss edəcəyik” - Əhməd Qəşəmoğlu

“Torpağımızın 20 faizinin işğal olunması, 1 milyona qədər əhalimizin qaçqın və məcburi köçkün olması, xeyli sayda uşağn, qadının, yaşlı insanın əsir götürülməsi insanlarda böyük ruh düşkünlüyü, pessimizm, depressiyya yaratmışdı”.

Bunu Lent.az -a müsahibəsində iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu deyib.

- Artıq bir aydan çoxdur ki, aktiv müharibə şəraitində yaşayırıq. Bu müddət Azərbaycan cəmiyyətinə necə təsir edib?


- Azərbaycanda olduqca ciddi, müsbət dəyikliklər baş verdi. Uzun illər idi ki, əhali xoşagəlməz bir məğlubiyyət sindromu içində idi. Bu, hər kəsdə pessimist ovqat yaradır, sabaha inamı azaldırdı. Müxtəlif insanlarımızın tez-tez işğal olunmuş torpaqlarımızı, əsir düşən qadınlarımızı, uşaqlarımızı, qocalarımızı xatırlatması əhalidə bir aşağılıq kompleksi yaradırdı. Şükür ki, indi artıq hər şey arxada qalıb. Əhali vahid cəbhədə, vətən yolunda sıx birləşib və bütün dünyaya özünü mübariz bir xalq kimi tanıdıb. Düşmənin belini qırıb. İndi artıq sentyabrın 27-nə kimi qarşımızda at oynadan düşmən yoxdur. Eyni zamanda beynəlxalq aləmin bizə münasibəti də xeyli aydınlaşıb. Dostlarımızla, düşmənlərimizi daha yaxşı tanıyırıq. Olduqca mühüm dəyişikliklərdən biri də odur ki, əhalidə ölkə rəhbərinə, öz dövlətinə qarşı inam, sevgi hissi xeyli artıb. Bu, qələbəmiz, ölkəmizin tərəqqisi üçün olduqca əhəmiyyətli, vacib şərtlərdən biridir.

- 30 ildir işğal altında olan torpaqlarımızın azad olunması əhalinin psixologiyasında hansı dəyişiklikləri yaratdı?

- Təəsüf ki, 1987-ci ildən indiyədək, bu illər ərzində itirə-itirə gəlirdik. Əvvəl bizim mübarizə əzmimizin qırılması üçün xeyli qanlı hadisələr baş verdi, sonra müxtəlif psixoloji təzyiqlər, psixoloji texnologiyalar tətbiq olundu. Əhalidə bir ruh düşgünlüyü yaratmağa çalışdılar. Torpağımızın 20 faizinin işğal olunması, 1 milyona qədər əhalimizin qaçqın və məcburi köçkün olması, xeyli sayda uşaqların, qadınların, yaşlı insanların əsir götürülməsi insanlarda böyük bir ruh düşkünlüyü, pessimizm, depressiyya yaratmışdı. Bu cür davam etməsi olduqca təhlükəli idi. Belə bir zamanda bütün xalqın vahid bir cəbhədə birləşərək ayağa qalxması, ölkə prezidentinin qətiyyətli əzmi, ordumuzun rəşadəti, Türkiyənin, başqa qardaş dövlətlərin bizə yaxından dəstək verməsi, bu cür uğurlu müharibə aparmamız əhali arasında böyük ruh yüksəkliyi yaradıb. Əhalidə min illik ənənələri olan vətən sevgisi, mübarizlik əhval ruhiyyəsi, sabaha inam hissləri xeyli yüksəlib. İndiyədək əhali böyük bir hüzn içərisində idi. İndi o qələbə əhval-ruhiyyəsindədir. Ən əsası, xalqımızda sabaha inam hissi, qurub-yaratmaq həvəsi xeyli yüksəlib.

- Hazırki şəraitdə bizlərdən - arxa cəbhə insanlarından nələr tələb olunur?

- Bizdən indi arxa cəbhədə olduqca çox şeylər gözlənilir. Müharibə aparan ölkədə arxa cəbhədə də hər kəs özünü ön cəbhədəki qədər məsuliyyətli hesab etməli, öz fəaliyyəti ilə ön cəbhədəkilərin daha əzmlə vuruşmasına kömək etməlidir. Oturub yalnız cəbhədən qələbə müjdələri gözləməməliyik. Hamımız özümüzü müharibə ovqatında hiss edərək, öz öhdəmizə düşən işləri daha keyfiyyətlə görməliyik. Ön cəbhədə döyüşənlər arxa cəbhədən narahat olmamalıdırlar. Onların ailələrinə diqqəti daha da artırmalı, düşdükləri problemlərin həll olması üçün qayğı göstərməliyik. Bununla, qələbəmizi daha yaxınlaşmasına kömək edərik.

Təəsüf ki, vətənimiz indi iki cəbhədə - həm mənfur düşmənə, həm də dəhşətli koronavirusa qarşı mübarizə aparır. Birinci cəbhədə ordumuz əlində silahla düşməni qovursa, ikinci cəbhədə təəssüf ki, hələ vəziyyət olduqca həyacanlıdır. Arxa cəbhədə olanlar dərk etməlidirlər ki, onların üzərinə böyük məsuliyyət düşür. Arxa cəbhədə koronavirusun sürətlə yayılması həm əhalinin sağlamlığına, həm iqtisadiyyatımıza, təhsilimizə, elmimizə, mədəniyyətimizə və s. ciddi ziyan verməklə yanaşı, həm də elə birinci cəbhədə müharibə aparan ordumuza zərər verər. Təssüf ki, ikinci cəbhədəki işlərimiz, fəaliyyətimiz arzu edilən səviyyədə deyil.

- Müharibədən sonra sosial həyatımızda hansı dəyişiklikləri gözləyirsiniz?

- İnşallah, tezliklə qələbə çalacağıq və ölkəmizdə olduqca böyük dəyişikliklər olacaq. Ən əvvəl ölkə əhalisində böyük ruh yüksəkliyi olacaq, sabaha inam artacaq. İnsanlarımızda böyük quruculuq həvəsi yaranacaq. İşğaldan azad etdiyimiz barlı-bərəkətli, münbit torpaqlarımızda böyük abadlıq işləri başlayacaq və bu ölkəmizin həyatına cox müsbət təsir edəcək. Biz rəsmi olaraq 1991-ci ildə müstəqillik qazanmışıq. Amma axmaq və qəddar qonşularımız üzündən o müstəqqiliyin dadını lazımınca hiss edə bilməmişik. Nəhayət özümüzü əsil müstəqil bir dövlət kimi hiss edəcəyik. Bu bizə iqtisadiyyatımızı daha yaxşı qurmağa, sosial həyatımızdakı problemləri daha uğurla həll etməyə kömək edəcək. İnsanlarımızın potensialından daha səmərəli olaraq istifadə etməmiz üçün böyük imkanlar yaranacaq. Öz tariximizi daha dərindən öyrənib dünyaya təqdim etməyə, müdafiə qüdrətimizi yenə də yüksək səviyyədə saxlamağa, təhsilimizi, elmimizi, mədəniyyətimizi daha məzmunlu, müasir dövrün tələblərinə uyğun olaraq qurmağa çalışacağıq.

Dİgər xəbərlər