“Cənnətimizə cənnət qatacağıq” - 81 evin yandığını görən hadrutlu müəllimin ailəsindəki SEVİNC - VİDEO
05 noyabr 2020 13:54 (UTC +04:00)

“Cənnətimizə cənnət qatacağıq” - 81 evin yandığını görən hadrutlu müəllimin ailəsindəki SEVİNC - VİDEO

“Belə bir atalar misalı var: Yüz acını yeyirlər, bir şirinin xətrinə. Biz də bu qədər acıları bir şirinin xətrinə yedik. Və o şirin, çəkdiyimiz bütün əzab-əziyyəti bizə unutduracaq. Torpaqlarımıza qayıdaq daha yaşadığımız həmin acılı günləri xatırlamayacağıq”.

Həmsöhbətimiz Qəhrəman Həsənov deyir bu sözləri. Xocavəndin Axullu kəndində (keçmiş Hadrut rayonunun Axullu kəndi) doğulub- böyüyən Qəhrəman bəyin bu günlərdə sevincinin həddi-hüdudu yoxdur. Çünki doğma torpağı işğaldan azad olunub. Lent.az Həsənovlar ailəsinin qonağı olub, sevincini bölüşüb. Qəhrəman bəy deyir ki, xəbəri ilk dəfə elə Prezident İlham Əliyevin dilindən eşidiblər:

“Müharibə başlayan gündən biz prezidentin çıxışlarını izləyirdik. Alınan hər bir qarış torpaq bizim sevincimizə sevinc qatırdı. Xocavəndin Axullu kəndinin adını çəkəndə uşaqdan böyüyə hamımız sevindik. Sevincdən göz yaşlarımızı saxlaya bilmədik”.

Ömrünün ən gözəl çağlarını o torpaqlarda keçirən Qəhrəman bəy, hadisələrin necə başladığını da yaxşı xatırlayır. O illərdə gənc müəllim olan həmsöhbətimiz deyir ki, vaxtı ilə mənfur düşmənlərlə eyni kollektivdə işləyib:

“1988-ci ilə qədər biz təsəvvür etməzdik ki, belə hadisələr baş verər. Vaxtı ilə biz o mənfur düşmənlərimizlə qonşuluq etmişik. Məktəbimiz də bir olub”.

Qəhrəman müəllim deyir ki, bundan sonra onlarla eyni kənddə yaşamaq qeyri-mümkündür. Azad olunacaq torpaqların havasını udmaq onlara bir daha qismət olmamalıdır:

“1992-ci il yanvarın 9-dan 10-a keçən gecə onlar bizim evimizi yandırdılar. 81 ev gözümün önündə yandı. Şəhidlərimiz , yaralananlarımız oldu. Bizim kəndi yerlə-yeksan etdilər”.

Qəhrəman müəllim Füzuli, Xocavənd ərazisində gedən bütün döyüşlərdə iştirak edib:

“O vaxt könüllü batalyonlar yaradırdılar. Biz də əvvəlcə rota, daha sonra isə könüllülərdən ibarət batalyon yaratdıq. Bütün döyüşlərdə iştirak etdim. Dəfələrlə zədə də aldım. Amma heç vaxt qorxub qaçmadıq. Mübarizəyə davam etdik”.

Söhbətimizi Qəhrəman müəllimin xanımı Gülbahar Həsənova ilə davam etdiririk. Gülbahar xanımın sevinci ikiqat olub. Çünki...

“Həm doğulduğum Füzuli rayonunun Dədəli kəndi, həm də Hadrutun Axullu kəndi işğaldan azad olunub. Sevinmək sözü keçirdiyim hisslərin yanında aciz qalır”.

Gülbahar xanım deyir ki, qalan ömrünü öz yurdunda, doğma torpaqlarda yaşayaraq başa vurmaq istəyir:

“Mən heç kənddən çıxanda da ağlamamışdım. Üç qız uşağı ilə çıxdım kənddən. Hər şeyimiz orada qaldı. Amma ağlamadım. İndi isə ağlayıram. Hər qarış torpağımız alındıqca mən də ağlayıram. Bunlar sevinc göz yaşlarıdır”.

Qəhrəman bəy bu illər ərzində onlara göstərilən qayğıdan da danışdı:

“Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva bizlərə hər zaman qayğı göstəriblər”.

Həsənovlar ailəsinin bir arzusu da var. Doğma torpaqlarına qayıdandan sonra ölkə başçısını evlərində qonaq etmək:

“Cənab prezident bütün çıxışlarında qeyd edir ki, məcburi köçkünlər yurdlarına qayıdandan sonra onların sosial həyatı əvvəlkindən də yaxşı olacaq. Biz buna inanırıq. Mən prezidentimizə müraciət edirəm: “Biz ora qayıdıb şəraitimizi qurandan sonra Sizi və ailənizi nəvələrinizlə bərabər evimizdə qonaq görmək istəyirik. Ümidvaram ki, mənim bu dəvətimi qəbul edəcəksiniz. Cənab prezidentin ailəsi Axullu kəndinin fəxri qonağı olacaq”.

Əminik ki, işğalda olan bütün torpaqlarımız tezliklə azad olunacaq və ədalət yerini tapacaq.

Lent.az sözügedən ailədən hazırladığı videonu təqdim edir:

 

# 5428
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar