Ermənistanda və separatçı rejim daxilində nələr baş verir?
04 noyabr 2020 19:52 (UTC +04:00)

Ermənistanda və separatçı rejim daxilində nələr baş verir?

Ermənistan hakimiyyətində münaqişə ilə bağlı bir-birinə zidd fikirlər səslənir. Baş nazir Nikol Paşinyan Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, prezident Aram Sarkisyan bildirib ki, Moskva ilə Ankara arasında birgə əməkdaşlıqla Qarabağ probleminin nizamlanmasına kömək edə bilər. Bu, Ermənistan hakimiyyətində vahid mövqenin olmadığını, Paşinyanın vəziyyətə nəzarəti itirdiyini göstərir.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki,Ermənistan hakimiyyəti və Qarabağ separatçıları arasında da bir-birinə zidd fikirlər səslənir. Ermənistan tərəfi Azərbaycanın cəbhədə ciddi uğurlar əldə etdiyini gizlətməyə çalışdığı halda separatçılar Azərbaycan Ordusunun kifayət qədər irəlilədiyini etiraf edir və Yerevanda bu barədə məlumatların gizlədildiyinə eyham vurur.

Hamı Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağını gözlədiyi halda, əksinə, Dağlıq Qarabağdan Ermənistana silah daşınır, artıq onlarla belə fakt aşkarlanıb, bu, yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir.

Ermənistan vətəndaşları döyüşmək üçün könüllü şəkildə Qarabağa getməkdən imtina edirlər. Erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə vermirlər və faktiki olaraq “uşaqları və anaları girov götürürlər”.

Ermənistan tərəfi artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Bundan əvvəl açıqlanan rəqəmlər ölkədə böyük narazılığa səbəb olub. Paşinyan hakimiyyəti real rəqəmləri açıqlamır, çünki xalqın qəzəbindən qorxur.

Qarabağdakı rejim daxilində də xaos hökm sürür. “Lider” Araik Arutunyanın sağ olub-olmadığı bilinmir, keçmiş müdafiə nazirinin taleyindən xəbər yoxdur, müdafiə nazirinin müavini məhv edilib və s. “Yüksək vəzifəli” ermənilər isə Qarabağdan qaçıb.

Yaranmış xaosda erməni tərəfi yalnız feyk xəbərlər yaymaqla məşğuldur. Amma artıq bu proses də o qədər xaotik xarakter alıb ki, ermənilər özləri öz feykləri arasında çaş-baş qalıblar. Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan Qarabağda “sayca üçüncü muzdlu terrorçu”nun yaxalandığını və hətta artıq dindirildiyini də bəyan edib, bir az sonra isə üzr istəyərək xəbərin təsdiqlənmədiyini deyib.

# 1000
avatar

Oxşar yazılar