Kolumbiya televiziyasında Ermənistanın müharibə cinayətləri barədə danışılıb
31 oktyabr 2020 12:42 (UTC +04:00)

Kolumbiya televiziyasında Ermənistanın müharibə cinayətləri barədə danışılıb

Kolumbiyanın çoxmilyonlu izləyici kütləsinə malik “Ultima Hora” internet televiziyasında səfir Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib.   Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Lent.az-a verilən məlumata görə, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzü, bu xüsusda Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla beynəlxalq qaydada tanınmış ərazilərimizin 20 faizini işğal etməsi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, Minsk qrupu çərçivəsində aparılan danışıqlar və Ermənistanın davamlı olaraq qeyri-konstruktiv yanaşması nəticəsində bu prosesin pozulması barədə məlumat verib.

Bildirib ki, Ermənistanın bu günədək BMT qətnamələrinə məhəl qoymaması ilə yanaşı, işğalçı dövlətin milliyətçi hökumətinin son iki il ərzində sərgilədiyi daha aqressiv hərbi-siyasi doktrina, N.Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” kimi açıqlamaları, iyul ayında dövlət sərhədinin Tovuz rayonu bölgəsində törədilmiş təxribat və bu qəbildən olan digər təxribatçı bəyanat və addımların davamı olaraq Ermənistan sentyabrın 27-dən başlayaraq ölkəmizə qarşı növbəti təcavüzə cəhd edib.

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizin sıx məskulaşmış ərazilərinə artilleriya və qadağan olunmuş döyüş başlıqları daşıyan ballistik raket zərbələri endirməsi nəticəsində 70-dən çox mülki vətəndaşımızın həlak olması, 300-dən çoxunun isə yaralanması haqda məlumat verən səfir, ayrı-ayrı vaxtlarda üç dəfə elan edilmiş humanitar atəşkəsi pozmaqla törədilən bu hücumların müharibə və insanlıq əlehinə cinayətlər olduğunu və Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu bildirib.

Ermənistanın münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədilə davamlı qaydada saxta xəbərlər yaydığını, hətta münaqişəni dini zəmində təqdim etməyə çalışdığını deyən səfir, işğalçı dövlətin eyni məqsədlə münaqişə bölgəsindən aralıda yerləşən şəhərlərimizdən keçən və regionun inkişafında və Avropanın enerji təhlükəsizliyində vacib önəm daşıyan iri miqyaslı enerji və infrastruktur layihələrimizə də zərbələr endirməklə hədələdiyini qeyd edib.

Azərbaycan ordusunun hazırda mülki əhalinin təhlükəsizliyini təmin etmək, BMT TŞ-nin qətnamələrinin icrasına nail olmaq və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-əməliyyat tədbirləri gördüyünü deyən diplomat, Azərbaycanın hər zaman danışıqlara hazır olduğunu, lakin N.Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” deyə bəyanat verməsi və dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri total müharibəyə səsləməsinin qarşı tərəfin dialoq tərəfdarı olmadığını göstərdiyini bildirib.

Sonda regionda davamlı sülhə başlıca təhdidin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qalması olduğunu deyən təmsilçimiz, Ermənistanın BMT qətnamələrinə məhəl qoymamasının, beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik və beynəlxalq sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplərinə hörmət etməməsinin bütün dünyada mənfi presedent yaranmasına səbəb ola biləcəyini söyləyib və bunun qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin işğalıçı dövlətə təzyiq göstərməsi və ondan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb etməsinin gərəkdiyini qeyd edib.    

# 979
avatar

Aygün İbrahimli

Oxşar yazılar