138
17:07
30 Oktyabr 2020

Təmas xəttinin aradan qalxmasını həmsədrlər reallıq kimi qəbul edir - AKTUAL ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin “Kapital investforum”un plensr iclasındakı çıxışında Qarabağ məsələsinin həlli yollarına toxunub. Minsk qrupunun həmsədr ölkəsinin prezidenti kimi Putinin çıxışı hər zaman diqqəti cəlb edir və son nitqində də bir sıra vacib məsələlərə toxunması göstərdi ki, Rusiya münaqişənin həllində əvvəl olduğu kimi bitərəfliyini, balanslı mövqeyini qoruyub saxlayır, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış bu ümidləri boşa çıxıb, artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir. Rusiya Prezidenti V.Putinin səsləndirdiyi "5+2 formatı" əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Lakin Azərbaycan 27 sentyabrdan bəri bu planın böyük bir qismini özü təmin edib. Putin Dağlıq Qarabağa hər hansı statusunun verilməsi barədə deyil, Dağlıq Qarabağda müəyyən bir rejimin tətbiq olunması barədə fikir bildirib.

Politoloq Nəzakət Məmmədovanın Lent.az -a bildirdiyinə görə, Prezident Putin Rusiyanın ənənəvi olaraq Ermənistan və Azərbaycan arasında balansı qoruyub-saxlamaq prinsipinə sadiqlik nümayiş etdirməyə çalışaraq, eyni zamanda Azərbaycan ordusunun qələbələri nəticəsində yaranmış status-kvonu nəzərə münaqişənin həlinə dair öz mövqeyini ifadə edib. “Ən önəmli məsələlərdən biri təmas xəttinin aradan qalxmasının Rusiya və digər həmsədrlər tərəfindən artıq reallıq kimi qəbul edilməsidir. Üstəlik, Azərbaycan Prezidentinin çıxışlarında qeyd etdiyi aradan qaldırılmış təmas xətti Türkiyə Prezidenti Ərdoğanın Putinlə telefon danışığında vurğuladığı qırmızı xətt məsələsi ilə əvəz olunub ki, bu da Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Putinin Ərdoğanla söhbətində Türkiyə lideri ilə xoş atmosferin, qarşılıqlı anlaşma şəraitinin olması nəzərdən qaçmamalıdır və bu, bizə ümid verir. Artıq Putin və Ərdoğanın Astana formatında, eləcə də ikitərəfli qaydada birgə işləmək təcrübəsi formalaşıb və bəzi istisnaları çıxmaq şərti ilə, ümumilikdə konstruktiv əməkdaşlıq hesab oluna bilər. Üstəlik, ABŞ və Fransadakı erməni diasporasının hakimiyyətə gətirərək Rusiyanı Ermənistandan çıxarmağa çalışan Paşinyanın anti-Rusiya mövqeyindən təngə gəlmiş Putin Ermənistanı güzəştlərə məcbur edib. Paşinyan Rusiyaya problem yaratmağa çalışıb və yolunu azmış bidətçi erməninin "Kanossaya getməsi" zərurətdir. Paşinyanın Fransanı və digər ölkələri münaqişədə daha fəal iştiraka təhrik etməyə çalışması Rusiyanı narazı saldı. Bununla belə, Putinin çıxışında 5+2 formatı Lavrov planının hələ də qüvvədə qalmasını ifadə edir ki, Rusiyanın reallığı tam qəbul etmədiyini göstərir. Azərbaycan həmsədrlərin vasitəçiliyi olmadan belə işğal olunmuş torpaqlarımızın müəyyən bir hissəsini azad edib və 5+2 formatı keçmişdə qaldı. Azərbaycan hərbi uğurları ilə həm Lavrov planını kölgədə qoydu, həm də Prezident İlham Əliyevin dediyi kimi BMT-nin 4 qətnaməsini implementasiya etdi. Artıq nə İlham Əliyevin, nə də Putinin çıxışlarında status məsələsindən söz açılmır, bu da o deməkdir ki, ermənilərlə danışıqlar limiti bitmişdir. Eyni zamanda, Rusiya Prezidenti Minsk qrupu həmsədrləri ilə yanaşı onun digər üzvlərinin də danışıqlar masasına oturmasını məqbul hesab etdiyini bildirib. Həmin üzv Türkiyədir”.

Dİgər xəbərlər