108
10:18
30 Oktyabr 2020

Xalq artistindən ÇAĞIRIŞ: "Koronavirus başqa xəstəliklərə bənzəmir"

“Bu xəstəliyə yoluxmuş biri kimi deyə bilərəm ki, COVID-19 çox dəhşətli xəstəlikdir”.

Bunu APA -ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.

Xalq artisti bildirib ki, hazırda ölkəmiz iki istiqamətdə mübarizə aparır: “Bir yandan ölkədə torpaqların işğaldan azad edilməsi uğrunda müharibə gedir, digər yandan isə koronavirusa yoluxmalar günü-gündən artır. Dövlətimizin fikri təbii ki, Vətən Müharibəsində olmalıdır. Lakin son günlər yoluxmaların artması göstərir ki, insanlarımız xəstəliyi ciddiyə almırlar, bu da məni bir vətəndaş kimi məyus edir. Hazırda ölkəmizdə müharibə gedir, şəhidlərimiz, yaralılarımız var. Həkimlərimiz gücünü daha çox yaralılarımızın sağaldılmasına, cəbhə bölgəsindən gələn xəstələrimizə sərf etməlidir. Ona görə də vətəndaşlarımıza məsləhətim odur ki, maska taxsınlar, gigiyena qaydalarına əməl etsinlər, kütləvi toplandıqları yerlərdə sosial məsafəni gözləsinlər, dövlətə də əlavə yük yaratmasınlar. Bu qaydalara əməl etmək çətin deyil. Pandemiya ilə mübarizə də müharibədir, şərt erməni ilə səngərdə döyüşmək deyil. Biz burda virusa yoluxmaqla həkimlərin işini artırır, dövlətin qayğısını çoxaldırıq. Halbuki bu dəqiqə dövlətin diqqəti daha çox işğal altında olan torpaqlarımızı azad etməyə yönəlib”.

Bir müddət əvvəl koronavirusa yoluxmuş, müalicədən sonra sağlığına qovuşmuş muğam ifaçısı həkimlərin xüsusi geyimlərdə çətinliklə hərəkət etdiklərini, müxtəlif məhrumiyyətlər yaşadıqlarını vurğulayıb: “Həkimlərimizin xüsusi geyimlərdə necə əziyyət çəkdiklərini gördükcə ürəyim ağrıyırdı. Bütün günü o paltarda olursan, tərləyirsən, paltar bədəninə yapışır. Baxmayaraq ki, həmin geyimdə gəzmək çətindir, amma həkimlərimiz xəstələri müalicə etmək üçün özlərini fəda edirlər. Mən bunları görən insan kimi xalqımıza səslənirəm ki, nə qədər bacarırlarsa, xəstəlikdən özlərini qorusunlar, qaydalara əməl etsinlər. Onlara görə başqaları da əziyyət çəkməsin”.

N. Teymurova koronavirusun dəhşətli xəstəlik olduğunu diqqətə çatdırıb: “Bu, başqa xəstəliklərə bənzəmir, elə bil bütün sümüklərin qırıq-qırıq olur, canından bezirsən. Bəzi insanlar inanmır, amma mən iki gün elə ağrılar keçirmişəm ki, o ağrılar heç bir ağrıya bənzəməz. Halbuki əməliyyat da olunmuşam, xəstəliyin nə olduğunu bilirəm, bununla belə, bu əzabı heç vaxt görməmişəm. Ona görə də üzümü xalqımıza tutub demək istəyirəm ki, nə qədər bacarırlar verilən tövsiyələrə əməl etsinlər; maska taxsınlar, dezinfeksiya etsinlər, sosial məsafə gözləsinlər”.

Dİgər xəbərlər