Atatürkün balıqçı meyxanəsindəki şəkilləri
29 oktyabr 2020 18:58 (UTC +04:00)

Atatürkün balıqçı meyxanəsindəki şəkilləri

 

 

Söz vaxtına çəkər. Ötən ilin bu vədələriydi. Xanımımla Antalyaya səfər etmişdik. Gözəl bir həftə keçirmişdik. O həftəni yaddaqalan edən tək Antalyanın gözəllikləri deyildi, həm də Azərbaycan mədəniyyətinin qardaş eldə yaşayan böyük simaları ilə görüşlər idi. Kulturuloq Məzahir Afşarla, pianoçu Samir Mizoyevlə, həkim, şair, rəssam Şərahil Laçınla, onların düşüncəsi işıqlı xanımları ilə söhbətlərdə elə bildik, Antalya elə Azərbaycanın bir guşəsidir.

 

Antalyanın gözəlliyi, dostların ürəkaçıqlığı öz yerində 29 oktyabr günü sizə o səfərin bir axşamından danışmaq istəyirəm.

 

Şəhəri taqətdən düşənədək gəzib otelə dönürdük, xanıma dedim, soraqlamışam, bir tin aşağıda yaxşı balıq restoranı var, gəl gedək. Gözünə döndüyüm etiraz eləmədi.

 

Gəlib tapdıq deyilən yeri – balıqçı meyxanəsini. Dostlar bilir, mənim Türkiyə sevgimin çox üzü var, biri də Tanju Okan Türkiyəsidir. Mənə Türkiyəni sevdirənlərdən biridir o. Kimlərsə ona “ayyaş şarkıçı” deyə bilər, nədənsə mən onun kimi sənət adamlarını “müsəlman toplumda sekulyar çırpıntı” sanıram.

 

Restoranın küçəyə açılan hissəsində bir xeyli türk böyük məclis qurmuşdu, sonra bildik ki, bir xanım arkadaşın doğum gününü qeyd edirlər. Şarkıçıları, çalğıçıları da vardı. Divar boyu masalarda isə cütlüklər oturmuşdular.

Bütün masalarda rakı vardı.

 

Balıq sifarişimizi götürən qarsona “Mənə də hamı içən rakıdan gətir” dedim. Xanımımla səfər yolçuluğum tutur, başqa xanımlar kimi deyingən, “kişi işinə qarışan” deyil. Belə məclislərdə mənə yoldaşlıq elməsə də havanı tutmağı bacarır.

 

Nə isə ki, bir azdan restoran adamın gözünə daha xoş görünməyə başladı. Adamlar da elə bil, bir köynək doğmalaşdılar. Azərbaycanlı olduğumuzu bilib bizə daha mehriban baxdılar. Xanəndəyə neçə mahnımızı sifariş verdilər.

 

Balıqçı restoranının hər yanı torlar, qarmaqlar idi. Divarda, tavanda, künc-bucaqda balıqçı ləvazivatları eksponat kimi düzülmüşdü. Bir də…

 

Bir də Atatürkün sayını itirdiyim şəkilləri.

 

O şəkillər ürəyimə fərəh verdi, coşdurdu.

 

Meyxana alatoranında balıqçı torları arxasından Atatürkün şəkilləri məhbəs barmaqlıqları arasından baxırmış kimi gəldi mənə. Sanki deyir ki, mən bu cümhuriyyəti ümumbəşər dəyərlərə əsaslanan dünyəvilik prinsipləri üzərində qurmuşam, qoruyun onu...

 

Qalxıb balıqçı torları arxasında qalan Atatürkün portretlərini çəkməyə başladım. Bu fotoların bəziləri “sevgili cütlük”lərin başı üzərində idi. “Bu nə yapıyor? Bizimi çəkiyor?” deyə etiraz edənlər də oldu.

 

Üzr istəyərək onları yox, Atatürkü çəkdiyimi dedim. Sonra Atatürkün bu torlar arxasında bizə mesaj yolladığını söylədim. Bütün restoran əhli çevrilib mənə baxanda Atatürkün bu sözlərini xatırlatdım: “Mənim heç bir dinim yoxdur və mən bəzən bütün dinlərin dəryada batmasını istəyirəm. Mənim xalqım demokratiya prinsiplərini, reallığın əmrlərini və elmin öyrətdiklərini öyrənəcəkdir”.

 

Bayaqdan mənə qəribə baxışlarda baxan adamların üzündə elə bil çiçək açdı. Qədəhlər rakı ilə doldu – bütün meyxana Atatürkün şərəfinə ayaq üstə içdi.

 

***

 

29 oktyabr günü Türkiyədə Cümhuriyyət bayramıdır. Əvvəl də şübhəmiz yox idi, yeni Qarabağ savaşı bir daha bizi əmin etdi ki, bu, həm də bizim bayramımızdır.

Deyilənə görə, bolşeviklər Cümhuriyyətimizi işğal edəndə Atatürk xəritəyə baxıb ağlayıbmış. Bu gün ordumuz onun da, cümhuriyyətçi babalarımızın da göz yaşını silir, ruhlarını şad edir.

 

Sözümün canı elə budur: bizim də olan bu bayram mübarək olsun!

Tanrı xalqımızı, dövlətimizi, ordumuzu qanadında saxlasın!

 

Vahid Qazi

29 oktyabr 2020

 

# 670
avatar

Vahid Qazı

Oxşar yazılar