“Uca Allah Sizi və əsgərlərinizi qorusun” – Prezidentə yazırlar
26 oktyabr 2020 11:29 (UTC +04:00)

“Uca Allah Sizi və əsgərlərinizi qorusun” – Prezidentə yazırlar

Azərbaycan Prezidentinin ünvanına dünyanın bir çox ölkələrindən, respublikanın bölgələrindən məktublar gəlməkdə davam edir. Lent.az həmin məktublardan bəzilərini təqdim edir:

Ağamirzə Atayev, Dağıstandan yazır:

Hörmətli cənab Prezident.

Mənim 39 yaşım var, Dağıstan Respublikasının Dərbənd rayonunda Heydər Əliyev adına Cemikənd orta məktəbində işləyirəm.

Qarabağdakı ordunuzun əks-hücum əməliyyatlarını izləyirəm. Qarabağ torpaqlarının azad edilməsi xəbərləri gələndə özümü çox xoşbəxt hiss edirəm və hər gün yeni xəbərlər gözləyirəm. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinə və işğaldan azad edilmiş digər kəndlərə, qəsəbələrə görə çox sevindim.

Qubadlı, Laçın, Xankəndi, Şuşa, Kəlbəcər şəhərlərinin işğaldan azad olunmağını da səbirsizliklə gözləyirəm.

Mən də növbəti yay tətilimi Azərbaycanda keçirmək və Şuşada qalmaq istəyirəm. Gənc nəslin Azərbaycan və Qarabağ həqiqətlərini bilmələrini və ermənilərin yalanlarına inanmamalarını istəyirəm.

Cənab Prezident, Sizə və bütün əsgərlərinizə doğma torpaqların azad edilməsinə görə təşəkkür edirəm və yeni-yeni uğurlar arzulayıram.

Uca Allah Sizi və əsgərlərinizi qorusun.

Mətin Məsimli, ABŞ-dan:

Hörmətli cənab Prezident,

Azərbaycan xalqı tarix boyunca müxtəlif qələbələrə və uğurlara imza atıbdır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və daha sonra Sizin Prezidentliyiniz dövründə həm maddi-texniki bazası möhkəmləndirilmiş, həm də peşəkarlığı artırılmış müzəffər Azərbaycan Ordusu sentyabr ayının 27-dən başlayaraq Azərbaycan torpaqlarını böyük bir şücaətlə düşməndən azad edir. Bu, bir Azərbaycan gənci kimi məni çox qürurlandırır və sevindirir. Bu qələbəni Azərbaycan xalqına Sizin aparmış olduğunuz uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır. Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazır. Mən bir Azərbaycanlı gənci olaraq Sizinlə fəxr edir və hər zaman əmrlərinizi gözləyirəm. Azərbaycanın parlaq gələcəyinin yalnız Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı siyasi yolda olduğuna inanıram. Hər zaman Sizi dəstəkləyir və özümu həmişə bu yolda görməkdən sonsuz bir qürur duyuram.

Hazırda Kaliforniya Universitetində magistr təhsili alıram. Amerikada yaşadığım bu 8 illik təhsil dönəmində öyrənmiş olduğum texnoloji və iqtisadi bilikləri təhsilimi bitirdikdən sonra vətənimin inkişafı üçün Azərbaycanda tətbiq edəcəyim günü böyük bir səbirsizliklə gözləyirəm.

Mən Azərbaycan əsgəri və iqtisadi-texnologiya mütəxəssisi kimi vətənimə və dövlətimə xidmət edəcəyəm və bundan həmişə qürur duyacağam. Sonda, sözlərimi bu şüarla bitirmək istəyirəm:

Yaşasın Azərbaycan!

Yaşasın Ali baş komandan!

Qarabağ Azərbaycandır!

Muraz Davudov, İsraildən yazır:

Hörmətli cənab Prezident.

Sizi İsraildə yaşayan, əslən Azərbaycandan olan dağ yəhudiləri adından salamlayırıq. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim doğma Vətənimizdir.

Biz Sizinlə fəxr edir, Sizə inanırıq, cənab Prezident.

Qarabağ Azərbaycandır!

Nihad Əsgərov, Salyandan:

Hörmətli Prezidentim.

Mən 6-cı sinifdə oxuyuram. Yaşım yol versəydi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə mən də can-başla qatılardım. Bu məktubla Sizə bildirmək istəyirəm ki, biz Sizə və rəşadətli Ordumuzun igid əsgərlərinə inanırıq. Əminik ki, Azərbaycan Ordusu şanlı üçrəngli Bayrağımızı Qarabağda dalğalandıracaq.

Allah Azərbaycanımızı, müzəffər Ordumuzu və Sizi qorusun, cənab Prezident!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Mahir Dəmirli, Ağsudan yazır:

Əziz və hörmətli Prezidentimiz.

Sizin uğurlu yolunuzu hər zaman dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək bir vətəndaş olaraq əldə etdiyiniz nailiyyətlərə hər zaman sevinir və uğurlarınızın gələcəkdə də çox olmasını arzu edirəm. Arzu edirəm ki, Şuşada, Kəlbəcərdə və digər işğal altında olan torpaqlarımızın azad olunmasını tezliklə xalqımıza bəyan edəsiniz. Ailəliklə Sizi sevir və dəstəkləyirik.

Nigar Məmmədova, Gəncədən:

Müzəffər Ali Baş Komandan.

Şükürlər olsun ki, Sizin rəhbərliyiniz altında davam edən əks-hücum əməliyyatı ilə işğal olunan torpaqlarımızı geri alırıq. Sizin əzminiz, ordumuzun gücü, xalqımızın duaları ilə çox qısa bir zamanda geri qalan torpaqlarımızı da qarış-qarış alacağımıza əminəm. Mən hər zaman, hətta qarabağlı olmasam belə, sanki o torpaqlarda yaşamış biri kimi Qarabağın həsrətində olmuşam. Heç vaxt qəlbimdəki ümid sönməyib və şükürlər olsun ki, mənim kimi insanların ümidini və inamını doğruldur və bizləri sevindirirsiniz. Mən Sizin bütün çıxışlarınıza dəfələrlə xüsusi diqqətlə baxır və qürurlanıram. Siz xalq kimi danışır və xalqın sözünü deyirsiniz. Bizim qəlbimizdən keçənləri dünyaya Siz çatdırırsınız. Sizin qətiyyətli mövqeyiniz, cəsarətli çıxışlarınız bizi daha çox qüvvətləndirir və qələbəyə daha çox inandırır. Siz və bizim yenilməz ordumuz qələbəyə doğru iri addımlarla addımlayır və biz bunu gördükcə sevinir, sevincdən gözlərimiz yaşarır. Keçirdiyimiz hissləri söz ilə ifadə etmək mümkün deyil. Mən ömrüm boyunca bu qədər qüruru, sevinci birlikdə yaşamamışam. Bizə yaşatdığınız bu hisslər üçün Sizə minnətdarıq.

Azay Həsiyev, Gəncədən:

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

İlk öncə Sizinlə öz sevincimi paylaşmaq istərdim. Mən şəhid Rəhman Həziyevin oğluyam və əslən zəngilanlıyam. Sizə sonsuz təşəkkürümü bildirirəm, çünki Sizin və Ordumuzun sayəsində bu günlərdə qazanılmış qələbələrdən şəhidlərimizin ruhu şad oldu.

Var olun, müzəffər Ali Baş Komandanımız! Allah Sizi və əsgərlərimizi qorusun!

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Fəxrəddin Quliyev, Ağcabədidən yazır:

Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu tarix yazır. Azərbaycanın əsgər və zabitləri döyüş meydanında şücaət göstərir, qəhrəmanlıq nümayiş etdirir, düşmənin silahlı qüvvələrinə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edir.

Bir Azərbaycan vətəndaşı kimi, inanıram ki, zəbt olunmuş ərazilərimiz mənfur erməni tapdağından azad olunacaq, məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, doğma Qarabağımızda həyat davam edəcək.

Bildiyimiz kimi, müharibə heç vaxt itkisiz, şəhidsiz olmur. Polad iradəli Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verir, şəhidlik zirvəsinə ucalır.

Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm.

Azərbaycan Ordusuna eşq olsun!

Qabil Qasımov, Qəbələdən:

Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizin uğurlu siyasətinizin və qüdrətli Ordumuzun rəşadəti nəticəsində otuz illik həsrətə son qoyulur. Torpaqlarımızı işğaldan azad etmək yolunda qazanılan qələbələr münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Mən və ailəm bir vətəndaş kimi bu uğurlara sevinirik.

İnşallah, işğal altında olan bütün torpaqlarımızdan düşmən qovulacaq və üçrəngli Bayrağımız ərazi bütövlüyü bərpa olunmuş bütün yaşayış məntəqələrində dalğalanacaq.

Ehtiqam Bağırov, Bakı:

Möhtərəm Prezident.

Azərbaycanın bu tarixi günlərində qəhrəman oğullarımız cəbhədə düşmənə qarşı şücaətlə döyüşürlər. Mən də Azərbaycanın bu şərəfli tarixində öz əlimdən gələni etməyə, düşməni tarixi torpaqlarımızdan qovmağa hazıram. Vətənin çətin günündə səhhətim imkan vermədiyi üçün məni cəbhəyə aparmırlar. Bir ata olaraq istəyirəm ki, hazırda cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan oğlum Bağırov Hacıbağır Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igid oğullarımızla birgə çiyin-çiyinə döyüşsün. Bu, bütün azərbaycanlılar kimi bizim üçün də böyük fəxr olar.

Tünzalə Əsədova, Fizuli:

Cənab Ali Baş Komandan!

Uca Tanrıdan Sizə cansağlığı, haqq işinizdə yardımçı olmasını diləyirəm. Doğma Füzuli torpaqlarının azadlığını bizə bəxş etdiyiniz üçün Sizə minnətdaram. Xoşbəxtliyimi sözlə ifadə etmək mümkün deyil. Əmin olun ki, xalqımızın Sizə olan sevgisini, inamını heç bir qüvvə sarsıda bilməz. Yaşından asılı olmayaraq hər kəs Sizin arxanızdadır. Bu gün erməninin atdığı raketlər belə bizi qorxutmur.

Əziz Prezidentimiz, Siz xalqın ən böyük arzusunu, Vətən torpaqlarının işğaldan azad olunmasını gerçəkləşdirən sehrli bir qüvvəsiniz. İnşallah, böyük Qələbəmizdən sonra Sizinlə görüşmək arzum da reallaşar. Bütün dualarımız Sizinlə və şanlı Ordumuzladır.

Tanrı Sizi və Azərbaycanımızı qorusun!

# 1108
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar