86
01:28
24 Oktyabr 2020

Mustafa Şentop: “Azərbaycanın beynəlxalq aləmdə də haqlılığını sübut edəcəyinə inanıram”

Azərbaycan və regionumuz çox çətin günlər yaşayır. Amma Azərbaycanda olarkən dövlət rəsmilərindən tutmuş xalqa qədər hər birində gördüyüm yüksək əhval-ruhiyyə məni çox məmnun etdi".

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "NTV"-yə müsahibəsində belə deyib.

Azərbaycandan yeni qayıdan TBMM sədri səfər təəssüratlarını bölüşərkən bildirib ki, Türkiyənin ölkəmizə tam dəstəyini ifadə etmək üçün Bakıda, Gəncədə olarkən bunu həm xalqa, həm də rəsmi dairələrə çatdırıb: "Biz Azərbaycana hər dəfə gedəndə özümüzü qonaq kimi deyil, ev sahibi kimi hiss edirik. Bu dəfə azərbaycanlı qardaşlarımızın doğma münasibətini daha yaxından duyduq. Türkiyənin Azərbaycana dəstəyini 1918-ci ildə Bakıdakı Türk şəhidlərinin məzarlığı da ifadə edir. Azərbaycanı təkcə Türkiyə haqlı saymır, qardaş ölkə beynəlxalq hüququn tələbləri daxilində də haqlıdır".

M.Şentop deyib ki, Ermənistan artıq təkcə Azərbaycan üçün deyil, regionda və eləcə də bütün dünyada təhlükəli vəziyyət yaradıb: "Təxribatçı Ermənistan Azərbaycanı ona hücuma təhrik edir. Naxçıvana hücumları ilə dolayı yolla Türkiyəni bu təxribatlara cəlb etmək niyyətindədir. Dünyanın gözü qarşısında Ermənistan Azərbaycanın günahsız, məsum insanlarına hücum edir, evləri dağıdır, ailələri məhv edir və buna nəinki etirazlar var, hətta ATƏT-in Minsk qrupundakı həmsədr ölkələr Ermənistana silah yardımı edir. Ermənistanın iqtisadiyyatı hazırda o qədər zəifdir ki, bu silahları almaq gücü yoxdur. Bu silah-sursatların hansı tarixdə və hansı ölkə tərəfindən buraxılması, Ermənistana necə verilməsi haqqında, ABŞ, Kanada vətəndaşlarının muzdlu əsgər olaraq gəlib Azərbaycana qarşı döyüşməsinə dair faktlar var. Azərbaycan bu dəlilləri beynəlxalq aləmə yayacaq. Bu, əlbəttə, çətindir, amma Azərbaycan həm də haqlı olduğu üçün güclüdür deyə buna da nail olacağına inanıram. Ona görə də bəzi ölkələr, beynəlxalq qurumlar bu hadisələrə ikili standartlarla yanaşmalarından vaz keçməlidirlər".

Dİgər xəbərlər