Yeni çağırışçılar cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir - RƏSMİ
22 oktyabr 2020 17:22 (UTC +04:00)

Yeni çağırışçılar cəbhəyə deyil, təlim mərkəzlərinə göndərilir - RƏSMİ

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, qrafikə uyğun olaraq Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildiriblər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVİD-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırdılar. Vurğulayıblar ki, bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır: "Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq".

Qeyd edək ki, oktyabr ayı ərzində xidmətə yollanan yeni çağırışçılar cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!

# 679
avatar

Oxşar yazılar