10:23
15 Oktyabr 2020

Ağdamda xəsarət alan mülki şəxslərin adları bəlli oldu - PROKURORLUQ

Ermənistanın silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Səhər saat 9 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evlərinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Dİgər xəbərlər