16:00
08 Oktyabr 2020

Rusiyada “Günün fotosu”nun qəhrəmanı Lent.az-a DANIŞDI

“Düzü, şəkil çəkiləndə mən o halda deyildim. Evimizə raket düşmüşdü. Körpə uşağım yaralı idi. Onun üçün bir neçə geyim götürdüm ki, uşağı həkimə aparım. Bir də bayrağımızı...”

Bu sözləri Lent.az -a son günlər bütün sosial şəbəkələrdə yayılan və Rusiya mediasında "Günün fotosu" seçilən şəkliin qəhrəmanı Xəyyam Eyyubov deyib. O bildirib ki, düşmənin atdığı raketlərdən biri də onların evinə düşüb. Nəticədə azyaşlı övladı yaralanıb. Uşağını həkimə aparmaq üçün tələsən Xəyyam, bayrağı da özü ilə götürməyi unutmayıb.

“Bizim üçün öncə Vətəndir, sonra ailəmiz, sevdiklərimiz. Bu gün bizim oğullarımız, qardaşlarımız torpaq uğrunda şəhid olur. Mənim etdiyim onun yanında nədir ki?! Əlbəttə, bayrağı da götürməli idim. Onu dağıntılar altında qoymalı deyildim ki... Həmin anda övladımın yaralı olduğuna görə narahat idim. Şəkilə düşmək halında deyildim. Hətta kameranı da vurub atdım ki, niyə çəkirsiniz”.

Qeyd edək ki, düşmənin Gəncəni atəşə tutması nəticəsində əmələ gələn dağıntıları lentə alan fotoqrafın kadrına qucağında bayraq olan oğlan düşüb. Rusiyanın “Dojd” saytı Gəncədə çəkilən bu şəkli "Günün fotosu" adlandırıb. Şəklinin sosial şəbəkələrdə yayıldığından və “günün fotosu” seçildiyindən gec xəbər tutan Xəyyam qeyd etdi ki, bunu ona dostları deyib:

“Bu barədə təzəcə öyrənmişəm. Dost-tanış dedi ki, foto böyük rəğbət qazanıb. Amma böyüdüləcək heç nə yoxdur. Bu bizim borcumuzdur”.

“TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin müəllifi olduğu bu şəkildən görünür ki, Azərbaycan xalqı erməni təxribatından qorxmur, öz torpağını, öz evini, elə bayrağını qoruduğu kimi qoruyur və daim qoruyacaq.

Dİgər xəbərlər