11:44
07 Oktyabr 2020

Qırğızıstanda etirazçıların prezidentlə bağlı YENİ TƏLƏBİ

Qırğızıstan paytaxtının mərkəzi meydanındakı etirazçılar ölkə prezidenti Sooronbay Jeenbekovun impiçment edilməsini tələb edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bişkekin “Ala-Too” meydanına təxminən 400 nəfər toplaşıb.

Etirazçılar Prezidentin xalqa xəyanət etdiyini bildirirlər. Onlar prezidentin impiçment edilməsini və köhnə siyasətçilərin istefasını tələb edirlər.

Parlamentin mətbuat xidmətindən bildirilib ki, həbsdən azad edilən müxalifət lideri Sadr Japarov Qırğızıstanın yeni Baş Naziri təyin olunub, lakin Prezident onu bu posta təsdiqləməyib.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstanda parlament seçkiləri keçirilib. Seçkidə seçici fəallığı 56% olub. Səsvermənin ilkin nəticələrinə görə, seçki məntəqələrinin 98 faizinin bülletenləri sayıldıqdan sonra dörd partiya parlamentə daxil olub. Qalan partiyalar 7% həddini keçə bilməyib.

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini etibarsız elan edib.

Seçkilərin nəticələrinə etiraz edən şəxslərlə təhlükəsizlik qüvvələr arasında toqquşmalar olub. Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda təxminən 700 nəfər yaralanıb ki, bunlardan da 200-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Bir nəfər isə həyatını itirib.

Dİgər xəbərlər