18:06
04 Oktyabr 2020

Ali Baş Komandana yazırlar: "Qarabağ Azərbaycandır!"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciətlər davam edir.

Lent. az müraciətlərdən bir neçəsini təqdim edir:

Hüseynxan Heydərovdan, Cəbrayıl:

- Hörmətli cənab Prezident.

Doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizə öz adımdan, ailəm və bütün Cəbrayıl əhalisi adından minnətdarlığımı bildirir, uzun ömür və cansağlığı arzu edirəm.
İnanırıq ki, Azərbaycan Ordusu öz yenilməz gücü və qüdrəti ilə tezliklə qələbə qazanacaqdır.
Allah Sizi və Azərbaycan xalqını qorusun.

Daşdəmir Ulfanov Saatlıdan yazır:

- Hörmətli cənab Prezident.

Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır. Son qarış torpağımız alınana qədər müharibə dayandırılmasın. Biz xalq olaraq hər zaman ordumuzun arxasındayıq. Ehtiyac olarsa, hamımız cəbhəyə qoşulmağa hazırıq.
Cənab Prezident, Allah Sizə və ordumuza bu haqq yolda yardımçı olsun. Qarabağ Azərbaycandır!

Səyavuş Süleymanlı Lənkəran:

- Cənab Ali Baş Komandan

Şəhid adı ucadan-uca addır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Hörmətli Prezidentimiz, Liman şəhərinin ağsaqqalları Sizin arxanızda dayanıb və Sizə qələbə arzulayır.
Bu gün əmr etsəniz, biz də Sizinlə çiyin-çiyinə düşmənə qarşı vuruşarıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Rövşanə Əliyeva Sumqayıtdan yazır:

- Hörmətli cənab Prezident.
Sizin müdrik və uzaqgörən siyasətinizin, gərgin əməyinizin nəticəsidir ki, bu gün rəşadətli ordumuz qorxmadan və çəkinmədən düşmən üzərinə irəliləyir, böyük zəfərlər qazanır. Mən, 64 yaşlı ananın dörd övladı hazırda cəbhə bölgəsində, düşmənlə üz-üzədir. Sizin komandanlığınızla onların qəhrəmanlıq tarixi yazacağına inanıram. Çünki övladlarım kimi, Siz də bizim güc, qürur, fəxarət mənbəyimizsiniz.
Əminik ki, bayrağımız tez bir zamanda Qarabağda, öz tarixi torpaqlarımızda dalğalanacaqdır.

Ruslan Əhmədovdan Ağcabədi:

- Hörmətli cənab Prezident.

Bu gün xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Bu hissləri bizə yaşatdığınıza görə Sizə və döyüş xəttində canından keçməyə hazır olan şücaətli Vətən oğullarına minnətdarlığımızı bildiririk. Bir laçınlı olaraq Sizin apardığınız məqsədyönlü siyasəti dəstəkləyir, bu haqq işində Sizə uğurlar diləyirik.
Əziz Prezidentim, bütün laçınlılar kimi mən də ürəkdən inanıram ki, Cocuq Mərcanlıdan başlanan qələbə sevinci Laçınla davam edəcək, Şuşada tamamlanacaqdır. Uşaqlıq illərimin keçdiyi o torpaqlara yenidən qayıdacaq, yenidən o yerləri görmək nəsibim olacaqdır. Allah bu uğurlu işdə Sizə və rəşadətli Ordumuza yardımçı olsun.

Nicat Qabulov Qaxdan yazır:

- Hörmətli cənab Prezident.

Mən də gələcəyin bir əsgəri kimi, Sizin apardığınız haqlı mübarizəni dəstəkləyir, ilk öncə Sizə bu yolda daha böyük uğurlar arzulayıram.
Kitablardan tanıdığımız Azərbaycanımızın mədəniyyət beşiyi olan Şuşada qələbə günündə Sizinlə birlikdə olmağı səbirsizlə gözləyirəm.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandir!

Nicat Bayramov Tovuzdan yazır:

- Hörmətli cənab Ali Baş Komandan.

Biz Sizin 30 ildir gözlədiyimiz haqq işinizi dəstəkləyir və sıravi Azərbaycan vətəndaşı kimi hər zaman səsinizə səs verməyə hazır olduğumuzu bildiririk. Artıq mənfur düşmənlərə yerini göstərməyin zamanını yaşayırıq. Minlərlə azərbaycanlının canını verdiyi, milyonlarla vətəndaşın isə can verməyə hazır olduğunu, hər bir qarış Vətən torpağı üçün bu savaşa hazır olduğumuzu bilməyinizi istəyirəm. Qoy bütün dünya da bunu duysun, bilsin. Biz zülmün kökünü kəsəcəyik. Biz haqqımızı alacağıq. Hər bir azərbaycanlının haqq sözü Sizsiniz, Ali Baş Komandanım. Bu bizim haqq işimizdir və biz öz haqqımızı düşmənlərin canından bir-bir alacağıq. İnşallah, ən qısa zamanda hərbçilərimizin ayaq izlərini Şuşada, Xankəndində, Ağdamda, Laçında və bütün Qarabağda görünəcəyinin şahidi olarıq. Damarlarında azərbaycanlı qanı axan biri olaraq, Sizin bir əmrinizlə Vətənimin qulluğunda durmağa hər zaman hazıram. Tanrı Sizi qorusun, Tanrı hər bir azərbaycanlını qorusun. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!

Avanisə İbadova Lənkəran:

- Hörmətli Ali Baş Komandan.

Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın bir hissəsinin qaytarılmasına sevinir və hədsiz qürur hissi duyuruq. Bu münasibətlə Sizi Nərimanabad qəsəbəsinin bütün anaları adından ürəkdən təbrik edir və döyüş meydanlarında bundan sonra da daha böyük uğurlar arzulayırıq.
İnanırıq ki, tezliklə vətənpərvər Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Eşq olsun Ali Baş Komandanımıza, millətimizə və dövlətimizə!

Bayram Əliyev Naxçıvandan yazır:

- Hörmətli cənab Prezident.

Sizə bildirirəm ki, 5 oğlum və özüm işğal olunmuş torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Sizin yol haqq yoludur. Sizi xalq çox sevir və həmişə arxanızdadır.
İnanırıq ki, tezliklə şanlı ordumuz qalib gələcək və şəhidlərimizin qisası alınacaqdır.
Allah Sizi, xalqımızı və Azərbaycan əsgərini qorusun.

Fərid Nəsibzadə Bakı:

- Hörmətli cənab Prezident.

Mən Azərbaycanlı yazar, "Laboratory of Art" həvəskar incəsənət toplumunun layihə rəhbəri Fərid Nəsibzadə (Nəsibov) bugünkü uğurlarınızla qürur duyur, Sizə təşəkkür etmək istəyirəm.
Məlumat olaraq bildirim ki, ordumuza, əsgərlərimizə və Sizin siyasətə dəstək olaraq mən və "Laboratory of Art" komandası, istər Tovuz döyüşlərində, istərsə də 27 sentyabrdan bəri sosial aktivlik göstərib muxtəlif beynəlxalq sosial platformalarda erməni hərbi siyasi rejimini ifşa etmiş, tarixi fakt və məntiqi sübutlarla, rəhbərlikləri tərəfdən beyni korlanmış erməni kütləsinə, eləcə də digər ölkələrin vətəndaşlarına yalnız həqiqətləri çatdırmışıq. Bugünkü zəfərlərimiz bütün dünya ictimaiyyətinə bizim humanist, səbirli, amma haqqımızı lazım gələrsə dünyanı belə susdurub alacağımızın bariz nümunəsidir.

İnanıram ki, gələn il yay tətilimizi artıq Şuşada və Qarabağımızın digər bölgələrində keçirəcəyik. Dəstəkləyirik, yanınızdayıq! Qələbələriniz mubarək olsun, cənab Prezident!

Dİgər xəbərlər