16:27
30 Sentyabr 2020

"AvtoVAZ" avtomobilləri oktyabrın 1-dən bahalaşa bilər

Rusiyanın ən böyük avtomobil istehsalçısı sayılan "AvtoVAZ" konserni istehsal etdiyi avtomobillərin qiymətlərini oktyabrın 1-dən etibarən artıra bilər.

"APA-Economics"in "Rossiyskaya Gazeta"ya istinadən verdiyi məlumata görə, bu, cari il ərzində "AvtoVAZ"ın sayca beşinci qiymət artımıdır. Bildirilir ki, "Lada" avtomobillərinin qiyməti orta hesabla 2-3% artacaq. Qiymət siyahısı sabahdan etibarən yenilənəcək.

İlkin məlumata görə, əsas konfiqurasiyadakı "Lada Granta" sedanının 13 min rubl (təxminən 282 manat) bahalaşacağı qeyd edilir. Alıcı bu modelə görə ən azı 483 900 rubl (10 496 manat) ödəməli olacaq. "Lada"nın başqa bir sedanı – "Vesta" isə 14 min rubl (303 manat) bahalaşaraq 667 900 rubla (14 488 manata) başa gələcək.

"Lada XRay" 641 900 rubldan (13 924 manat) 653 900 rubladək (14 184 manat) bahalaşacaq. "Largus" modelinin qiyməti isə 635 900 rubldan (13 794 manat) 645 900 rubla (14 010 manata) artırılacaq.

Bundan başqa, "Lada 4x4" modeli 572 900 rubldan (12 427 manat) 581 900 rubladək (12 622 manat), "Lada Niva" isə 726 000 rubldan (15 748 manat) 738 000 rubladək (16 000 manat) bahalaşacaq.

Hələlik şirkət tərəfindən qiymət artımının səbəbi açıqlanmır. Nəşr tərəfindən dilerlər arasında aparılan sorğuya əsasən, bahalaşma "AvtoVAZ" məhsullarına olan tələbatın artması ilə izah edilir.

"AvtoVAZ"ın Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan "Xəzər-Lada" şirkətindən "APA-Economics"ə bildirilib ki, hər il olduğu kimi, bu il də oktyabrın 1-dən "AvtoVAZ" zavodu təmirə bağlanacaq, işçilər isə tətilə çıxacaq.

"Tətildən sonra vəziyyət necə olacaq hələ bilinmir. Bu səbəbdən biz müştərilərə məlumat verə bilmirik. Digər tərəfdən, avtomobillərin Azərbaycana idxalı da müvəqqəti dayandırılıb", - deyə "Xəzər-Lada"dan bildirilib.

Xatırladaq ki, hazırda "Xəzər-Lada" Azərbaycandakı müştərilərinə komplektyasiyadan asılı olaraq "Lada Vesta" (21,8-26,7 min manat), "Lada Xray" (22,2-27,1 min manat), Lada 4x4 (16,2-16,5 min manat), Lada 4x4 Urban (19,1 – 19,5 min manat), Largus (19,5 min manat), "Lada Granta" (16,5-19,2 min manat) və "Lada 4x4" (14,5-17,5 min manat) modellərini təklif edir.

Dİgər xəbərlər