Onlayn sənəd qəbulu necə olacaq? – Bu proqramı mütləq YÜKLƏYİN-VİDEO
25 sentyabr 2020 15:02 (UTC +04:00)

Onlayn sənəd qəbulu necə olacaq? – Bu proqramı mütləq YÜKLƏYİN-VİDEO

Ali məktəblərə daxil olanların universitetlərdə qeydiyyatına bu gündən start verilib. Pandemiya səbəbindən bu il tələbə adını qazananların daxil olduqları təhsil ocaqlarına sənədlərinin qəbulu onlayn qaydada həyata keçiriləcək.

Lent.az xəbər verir ki, qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:

1. Fotoşəkil (ağ fonda) 3x4 ölçüdə;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. Təhsil haqqında sənəd - Attestatın əsli;

4.İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);

5.Sağlamlıq haqqında tibbi arayış;

6. Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

Təlimatda qeyd olunur ki, ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlərdə öz növbəsində bir neçə yerə ayrılır. Belə ki,  I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat və doğum haqqında şəhadətnamənin surətini təqdim etməlidirlər. 

Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları isə tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surətini təqdim etməlidir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, vəfat etmiş valideynin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surətini və  digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatı,  tələbənin doğum haqqında şəhadətnaməsinin surətini təqdim etməlidir.

Burada onu da diqqətə çatdıraq ki, arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. İmtiyaz əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

Şəhid ailəsinin üzvü olan abituriyentlər, şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, 18 yaşı tamam olan abituriyentlərin şəhid ailəsinin üzvi kimi vəsiqənin surəti buraya əlavə etməlidir. Vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surətini və mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surətini təqdim etməli olacaq. 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Bu tələbələr təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatı, valideynin şəxsiyyət vəsiqəsinin surətini və tələbənin doğum haqqında şəhadətnaməsinin surətini təqdim etməlidir. Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı) və tələbənin doğum haqqında şəhadətnaməsinin surətini təqdim edəcəklər. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Qeyd edək ki, abituriyentlər karantin bitdikdən sonra göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Onlayn sənəd qəbulu zamanı tələbələr üçün qaranlıq qalan məqamlara təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirdi. Ekspert Lent.az-a açıqlamasında bildirdi ki, tələb olunan sənədlərin hamısı skan olunmuş formada göndərilməlidir:

“Bundan əlavə sənədləri PDF formada da göndərmək mümkündür. Bunun üçün hər bir tələbə qəbul olduğu ali təhsil mərkəzi ilə əlaqə saxlamalı və sənədlərin hansı formada göndərilməsi ilə bağlı həmin ali təhsil müəssisəsindən məlumat əldə etməlidir. Nəzərinizə çatdırım ki, bir çoxları üçün sual yaradan attestat və sağlamlıq haqqında arayış kimi sənədləri müvafiq qaydada skan etmək, yaxud da PDF formada göndərmək mümkündür. Sağlamlıq haqqında arayışı tibb mərkəzindən aldıqdan sonra dediyim qayda da göndərə bilərlər”.

Elçin Əfəndi onu da bildirdi ki, sənədlərin hər birinin göndərilməsi vacibdir:

“Bir tələbə ondan tələb olunan bütün sənədləri ora yerləşdirdikdən sonra təsdiq etmə düyməsini basa bilər. Çünki adı çəkilən bütün sənədlərin olması vacibdir. Ödənişli təhsil alan tələbələr də müvafiq olaraq daxil olduğu ali təhsil müəssisəsinin bank hesabını əldə edərək ödənişini ora etməlidir. Bundan sonra ödəniş etdiyini təsdiq edən qəbzi eyni qaydada ali təhsil müəssisəsinin müəyyən olunmuş onlayn bazasına göndərməlidir. Bu elektron poçt, yaxud saytda yerləşən xüsusi bölmə ola bilər”. 

Bəs sənədləri evdən çıxmadan, qısa müddət ərzində necə skan edə bilərik?   

Bunun da yolu var. Belə ki, “Play Market”-dən yükləyəcəyiniz “Adobe Scan: PDF Tarayıcı, OCR” proqramı bu işdə sizə kömək edəcək. Əslində belə proqramlar çoxdur. Biz sizə onlar arasında ən yaxşısı kimi tanınanını təqdim edirik. Proqramı yükləyib giriş etdikdən sonra təqdim edəcəyiniz sənədlərin şəklini proqramın kamerası ilə çəkirsiniz. Daha sonra proqram şəkili skan etməyə başlayacaq. Hazır olduqdan sonra skan edilmiş sənədi görürük. Bundan sonra yuxarı hissədə “PDF yaddaşda saxla” sözünü təsdiq edirsiniz. Və beləliklə şəkil bir sənəd kimi telefonda yaddaşda qalır.

Sənədlərinizi hazır etdikdən sonra onların qəbulu üçün ilk olaraq universitetlərin saytına daxil olmaq tələb olunur. Nümunə üçün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) saytında sənədlərin qəbul olunması təlimatlarını təqdim edirik.

İlk olaraq unec.edu.az saytına daxil oluruq. Bu sayta daxil olduqdan sonra isə tələbə kabinet bölməsinə klik edirik. kabinet.unec.edu.az saytına daxil olduqdan sonra qeydiyyat bölməsinə giririk. Açılan bölmədə isə DİM qəbul bölməsini seçirik və aşağı hissədə seçin düyməsini sıxdıqdan sonra Dövlət İmtahan Mərkəzi yolu ilə universitet, Dövlət İmtahan Mərkəzi yolu ilə kollec bölmələri açılacaqdır. Növbəti addımda şəxsiyyət vəsiqəsinin fin kodunu daxil etmək lazımdır. Sual işarəsinə klik etdikdə həmin fin kodun görünən yerlərini pəncərədən görə bilərsiz.Və daha sonra isə elektron poçtunuzu qeyd edirsiz. Növbəti addımda isə qeydiyyatdan keç düyməsini sıxırıq. Daha sonra emailimə daxil olmalısınız. Həmin emaildə qeydiyyatı tamamla düyməsini sıxmaqla qeydiyyatınızı təsdiq edirsiz.Bundan sonra isə emailinizə növbəti təsdiq emaili daxil olacaq .Həmin emailin daxilində sizin istifadəçi adınız və şifrəniz qeyd olunub. Aşağıdakı keçid linkinə klik etməklə artıq kabinetinizə daxil olursunuz. İstifadəçi adi və şifrənizi də həmin müvafiq bölmədə qeyd edirsiniz. Daxil ol düyməsinə sıxıb kabinetinizə daxil olursunuz. Müraciət bölməsinə klik edirik və açılan bölmədə məlumatlarımızı daxil etmək lazımdır. Biz sadəcə burada sağlamlıq durumumuzu qeyd etməliyik. Növbəti mərhələdə ünvan qeyd olunur, doğulduğunuz ölkəni siyahıdan seçirsiniz. Qeydiyyat ünvanı və bitirdiyiniz təhsil üzrə məlumat DİM tərəfindən avtomatik olaraq qeyd edilib. Əgər boşluq olan hissələr varsa, həmin hissələri əllə doldurmaq lazımdır. Növbəti hissədə universitet üzrə əlavə məlumatları daxil edirsiniz. Xarici dil biliyiniz və idman növü ilə məşğul olursunuzsa, onları da qeyd edirsiniz. İş nömrəniz avtomatik olaraq qeyd olunub. Növbəti hissədə DİM üzrə şəxsi kabinetin parolunu qeyd edirsiniz. Valideynlər haqqında bölməsində ən azı bir valideyn haqqında məlumatı tam doldurmaq lazımdır. Növbəti mərhələdə əsas sənədlərin yüklənməsi prossesidir. Burada siz müxtəlif sənəd tiplərini və onların göndərilməsi üçün fayl növlərini görürsünüz. Bu bölmələrə klik edərək həmin sənədləri yükləməyiniz lazım olacaqdır. Daha sonra isə müqavilə bölməsinə klik edərək müqavilə sənədi ilə tanış ola bilərsiniz. Müqavilə şərtləri ilə tanış olduqdan sonra bu şərtlərlə razıyam bölməsini seçirsiniz və müraciət düyməsini klik edirsiniz. Bununla da online müraciətinizi tamamlanır. Artıq müvafiq şöbə sizin müraciətinizi yoxlayacaqdır. Hər hansı bir sənəddə çatışmazlıq olarsa, sistem sizi geri qaytaracaq və həmin sənədi doğru yükləməyinizi tələb edəcək. Tələbələrdən xahiş olunur ki tez-tez müraciət statusunu yoxlasınlar. Çünki müvafiq komissiya hər an bir bildiriş göndərə bilər. Məsələn, komissiya şəxsiyyət vəsiqəsinin yanlış olduğu bildirişinin göndərirsə həmin bildirişə klik edirik, göndərdiyimiz sənədləri açırıq yenisini yükləyirik və yenidən müqaviləni oxudum, şərtlərlə razıyam və sənədi yenilə düyməsini klik edirik.

Təhsil eksperti Elçin Əfəndinin də dediyi kimi əgər sizin suallarınız olarsa, daxil olduğunuz ali təhsil müəssisi ilə əlaqə saxlayıb onların verdiyi təlimatlara əsasən sənədlərinizi onlayn şəkildə göndərə bilərsiniz. 

 

# 14092
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar