15:48
22 Sentyabr 2020

Dövlət hesabına rusdilli təhsil ləğv edilsin!

Məlum olduğu kimi, təxminən iki əsr öncə ölkəmiz Rusiya imperiyası tərəfindən qəddar bir şəkildə işğal edildi. Vətənimizi müstəmləkəyə çevirərək onun sərvətlərini acgözlüklə talan edən və yurdumuzun müxtəlif bölgələrində yüksələn etiraz hərəkatlarını amansız surətdə yatıran imperiya rəhbərliyi eyni zamanda xalqımızın milli qürurunu sındırmaq məqsədilə ardıcıl addımlar atmağa başladı.

Mütləqiyyətçi çarizmin totalitar sovet rejimi ilə əvəzlənməsi də Rusiya imperiyasının mahiyyətini dəyişmədi. Hətta çar despotizmi ilə müqayisədə sovet rejimi türk xalqlarının, o cümlədən də Azərbaycan xalqının assimilyasiya edilməsi istiqamətində daha qətiyyətli siyasət yürütdü. Əgər XIX əsrdə vətənimizi istila etməyə gələn, daha sonra isə milli azadlıq hərəkatını yatırmağa çalışan, 1918-ci ildə erməni terrorçuları ilə birləşərək Azərbaycanı qan dənizinə çevirən, 1920-ci ildə müstəqil respublikamızı qan içində boğan, 1990-cı ilin 20 Yanvarında Bakı küçələrində və 1992-ci ilin 26 fevralında Xocalı şəhərində dinc insanlarımızı qətliama məruz qoyan rus ordusunun məqsədi xalqımızı fiziki cəhətdən məhv etmək idisə, istər çarizm, istərsə də sovet dövründə Rusiya rəhbərliyinin yeritdiyi assimilyasiya siyasəti də millətimizi mənəvi baxımdan məhv etməyə yönəlmişdi. İmperiya başbilənləri bu siyasətin nəticəsində Azərbaycan xalqının öz dilini, tarixini, mədəniyyətini və milli kimliyini unudacağını, əbədi əsarətə boyun əyəcəyini ümid edirdilər. Xüsusən də sovet rejiminin bu cəbhədəki ən təsirli silahı Azərbaycan ərazisində göbələk kimi artan rus məktəbləri idi.

Lakin xalqımızın milli vətənpərvərlik ruhunu sındırmaq sovet imperiyasına nəsib olmadı. Nəhayət, qan üzərində bərqərar olmuş bu qırmızı rejim layiq olduğu yerə – tarixin zibilliyinə yuvarlandı. Beləliklə, imperiyanın ruslaşdırma və assimilyasiya siyasəti də iflasa uğradı. Azərbaycandakı rus məktəblərinin bir çox məzunları sovet rejiminin bu istiqamətdəki ümidlərini doğrultmasalar da, hər halda, imperiya rəhbərliyi ölkəmizdə bəzi manqurtlar yetişdirməyə müvəffəq oldu. Bu gün bizimlə eyni ölkənin vətəndaşı olan, eyni suyu içib eyni havanı udan bu manqurtlar öz dilində danışmağı ayıb sayan, imperiya nökəri olmağı ilə iftixar edən, öz milli kimliyinə qarşı laqeyd yanaşan ünsürlərdən ibarətdir.

Son illər Rusiya Federasiyasının milli azlıqların və muxtariyyətlərin hüquqlarını məhdudlaşdıran tədbirlər görməsi, Gürcüstana və Ukraynaya qarşı aqressiya nümayiş etdirməsi, Krımı işğal etməsi, Suriyaya və Liviyaya qoşun yeritməsi kimi hadisələr ölkəmiz daxilində şimala doğru ümidli nəzərlərlə baxaraq xam xəyallar quran bəzi qüvvələrin yenidən fəallaşmasına səbəb olub. Lakin onlar unudurlar ki, hazırda 1920-ci il deyil, 2020-ci ildir. Dünyanın siyasi mənzərəsi də, reallıqları da aradan keçən yüz il ərzində xeyli dərəcədə dəyişmişdir. Bu gün Azərbaycanın müstəqilliyi dönməz xarakter alıb və ölkəmiz dünya birliyinin tam hüquqlu üzvünə çevrilib. Bu kimi insanların vətənə və millətə səmimi xidmət yolunda çalışmaq əvəzinə ümumən Rusiyaya, xüsusən də rus dili və mədəniyyətinə necə töhfə verə biləcəklərini düşünmələri böyük təəssüf doğurur.

Son illər Azərbaycanda bəzi dairələr tərəfindən rusdilli təhsilin və hətta ictimai həyatda rusca ünsiyyətin süni şəkildə təşviq və təbliğ edilməsinə, rus bölmələrindəki şagirdlərin sayının artırılmasına yönəlmiş addımlar milli dövlətçiliyimizin gələcəyi ilə bağlı dərin nigarançılıq doğurur. Çünki bu proseslərin dövlət dilimizin rus dili tərəfindən sıxışdırılmasına və nəticə etibarilə respublikamızda ruspərəst ünsürlərin güclənməsinə xidmət etdiyi heç kimə sirr deyil. Son günlər bəzi ziyalılarımızın bu məsələ ilə bağlı narahatlıqlarını ifadə etməsi son dərəcə müsbət bir haldır və təqdir edilməlidir.

Günümüzün reallıqları bundan ibarətdir ki, sovet rejiminin və sosialist sisteminin dağılmasından sonra beynəlxalq arenada rus dilinin istifadə dairəsi xeyli dərəcədə məhdudlaşıb, rus dili bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrindəki nüfuzunu və təsirini itirib. Belə bir şəraitdə ölkəmizin təhsil sistemində rus bölməsinin öz mövqelərini getdikcə gücləndirməsi qeyri-təbii bir proses olub, uşaq yaşlarından etibarən rusca düşünən, rusca danışan, internet və televiziyalar vasitəsilə rus təbliğat maşınının təsiri altına düşən və nəticə etibarilə öz milli kimliyinə biganə olan nəsillərin yetişdirilməsindən savayı heç bir məqsədə xidmət etmir. Azərbaycan xalqının guya yalnız rus dili vasitəsilə dünya elm və mədəniyyətinə çıxış əldə etməsi haqqında nağıllar isə qətiyyən inandırıcı görünmür. Çünki bu gün rus alimləri belə özlərinin ən mühüm kəşflərini, ixtiralarını və elmi nailiyyətlərini daha geniş auditoriyaya tanıtmaq üçün rusca deyil, başlıca olaraq ingiliscə nəşr etdirməyə üstünlük verirlər. Rus dili nə tarixən, nə də bu gün rusların özləri üçün belə dünya elm və mədəniyyətinə çıxış imkanı verməyib. Tarix boyunca rəsmi və ya qeyri-rəsmi senzuranın mövcud olduğu, daim despotik və ya totalitar, ən yaxşı halda isə avtoritar rejimlər tərəfindən idarə olunan bir ölkənin dili bizim dünya mədəniyyətinə çıxışımız üçün axı necə körpü rolunu oynaya bilər ki?

Biz əlbəttə ki, uşaqlarımızın və gənclərimizin xarici dilləri, o cümlədən də rus dilini öyrənməsinə qarşı deyilik. Xüsusən də istər XVIII-XX əsrlər tariximizin öyrənilməsi, istərsə də bu gün qonşuluq münasibətlərinə malik olduğumuz Rusiya ilə iqtisadi, siyasi və mədəni münasibətlərin saxlanması baxımından ölkəmizin rus dilində bilən mütəxəssislərə ehtiyacının olduğu qənaətindəyik və bu məqsədlə rus dilinin də xarici dil kimi keyfiyyətli tədrisini vacib sayırıq. Lakin eyni zamanda strateji perspektiv baxımından rus məktəblərinin dövlət hesabına fəaliyyət göstərməsini məqbul hesab etmir, müstəmləkə dövrünün qalığı olan bu ənənəyə tədricən son verməyin vaxtının çatdığını düşünürük. Dövlət təhsil müəssisələrində rus dili də digər Avropa dilləri kimi, xarici dil statusunda tədris edilməli, xüsusən də orta məktəblərdə baza təhsili ana dillimizdə olmalıdır. Bu məqsədlə dövlət hesabına fəaliyyət göstərən rus məktəblərinin sayının ilk növbədə ixtisar edilməsinə və bu məktəblərdə təhsil alan şagirdlərin sayının məhdudlaşdırılmasına başlanmasını, gələcəkdə bu prosesin sonunda isə dövlət hesabına rusdilli təhsilin tamamən ləğv edilməsini məqsədəuyğun hesab edirik. Eyni zamanda müvafiq dövlət qurumlarını ana dilimizə qarşı diskriminasiya fəaliyyətlərinin ciddi şəkildə araşdırmasına və dövlət dili ilə bağlı qanunlara riayət edilməsi üçün lazımi tədbirlər görməyə çağırırıq.

Dilimiz milli sərvətimizdir. Gəlin, dövlət və millət olaraq bu sərvətimizə birlikdə sahib çıxaq!

Professor Namiq Musalı,
Kastamonu Universitetinin Tarix Bölümü (Türkiyə)

Dİgər xəbərlər