3409
09:46
16 Sentyabr 2020

Şəhidin evini söküb məscid tikmək istədi - POLİS SAXLAYIB

Sentyabrın 14-də Şəmkir rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə bildirilib ki, rayonun Dəllər qəsəbəsində İcra Hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, müraciətlə əlaqədar rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparıb. Lakin buna baxmayaraq o, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayıb, cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib və barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə E. Osmanov İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.