1228
17:52
11 Sentyabr 2020

Vətəndaşın FHN-in Facebook səhifəsinə müraciətinə çevik reaksiya verildi

Vətəndaşın Fövqəladə Hallar Nazirliyinin “facebook” səhifəsinə müraciətinə çevik reaksiya verilib.

Nazirlikdən Lent.az -a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi “facebook” səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, bina 24 ünvanda yerləşən 11 nömrəli mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qanun pozuntusuna yol verildiyi müəyyən edilib.

Mənzilin sahibi Rəsul Namiq oğlu Qənbərovun beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ona məxsus ümumi sahəsi 72,91 kv.m olmaqla 3 yaşayış otağından ibarət mənzili qeyri-yaşayış sahəsinə keçirmək məqsədilə panel tipli yaşayış binasının dayanıqlığına xələl gətirə biləcək konstruktiv dəyişikliklər aparması, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət olunmadan mənzilin bir sıra divarlarını qeyri-qanuni sökməsi, razılaşdırılmış müvafiq layihə sənədləri olmadan yenidənqurma işləri aparması səbəbindən daha əvvəl FHN-in mütəxəssisləri tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman tikinti işləri dayandırılaraq ərazi lentlənsə də həmin lentin qırıldığı, mənzil daxilində qanunsuz yenidənqurma işlərinin davam etdirildiyi aşkar edilib.

Göstərilən faktla əlaqədar sentyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı rayon İcra Hakimiyyəti, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə yenidən həmin obyektə baxış keçirilib, qapı möhürlənib, qeyri-qanuni yenidənqurma işlərini həyata keçirən vətəndaşa tikinti sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulması və bununla əlaqədar görülməsi zəruri olan tədbirlər barədə ətraflı məlumat verilib.

Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladır, bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində hər hansı bir dəyişikliyin yalnız müvafiq qaydada razılaşdırılmış layihə əsasında həyata keçirilməsinin mümkün olduğunu bildiririk.