“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən hər il olduğu kimi tarixi abidələrimizin qorunub saxlanması məqsədilə bərpa-restavrasiya planına əsasən aparılan işlər 2020-ci ildə də uğurla davam etdirilir.

Lent.az-ın məlumatına görə bu işlər çərçivəsində İçərişəhərdə XIV əsrə aid qədim “Multani” karvansarasında bərpa-konservasiya işlərinə başlanılıb.

Hazırda İçərişəhərdə dörd karvansara günümüzədək qorunub saxlanmışdır. Bunlar Kiçik karvansaray (və ya “Xan” karvansarası), İkimərtəbəli karvansara, “Buxara” və “Multanı” karvansaraylarıdır. Əsrlər boyu müxtəlif ölkələrdən gələn tacir və səyyahlar ayrı-ayrı karvansarasında qalırdılar. Bakının tarixi özəyi olan İçərişəhərdə qorunub saxlanmış “Multanı” karvansarası da bunlardan biridir.

XIV əsrə aid bu ölkə əhəmiyyətli abidə daha qədim bir tikilinin üzərində inşa edilib. Müasir günümüzə kimi qorunub saxlanan bu tarixi məkanın qədimiliyini, tarixi görünüşünü qoruyub saxlamaq məqsədilə həyata keçiriləcək bərpa-konservasiya işləri idarənin sifarişi ilə Avstriyanın tarixi abidələrin bərpası işi üzrə ixtisaslaşmış və son 10 il ərzində İçərişəhərdə bir çox mühüm abidələrdə (o cümlədən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qala divarları, Yeraltı hamam və s.) uğurla ən müasir bərpa-konservasiya texnologiyaların istifadəsi ilə irimiqyaslı işlər aparan “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən aparılır.

Qeyd edək ki, “Multani” karvansarasında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.