Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. “Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin hazırladığını bildirib.
Görüşdə Səfir R.İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandıraraq, Ermənistanın təcavüzkar siyasəti barədə danışıb. Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər, o cümlədən Azərbaycanın mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb. Səfir, həmçinin iyul hadisələri zamanı Ermənistanın törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.
Görüş qarşılıqlı maraq kəsb edən məsələlər müzakirəsi ilə davam edib.