Azərbaycan filmi Venesiya Festivalında
07 sentyabr 2020 17:58 (UTC +04:00)

Azərbaycan filmi Venesiya Festivalında

Sentyabrın 2-də 77-ci Venesiya Film Festivalının açılışı olub.

Lent.az xəbər veriir kimi, builki festivalın əsas müsabiqə proqramında “Qızıl Şir” mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də var.

Azərbaycan, ABŞ və Meksikanın birgə istehsalı olan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin təqdimatı sentyabrın 11-də baş tutacaq.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov çəkilmişlər.

Qeyd edək ki, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallarda uğur qazanmışdır. “Xurmalar yetişən vaxt” sənədli filmi 25-ci Sarayevo Kino Festivalında “Ən yaxşı sənədli film”, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülmüşdür.

Venesiya Film Festivalı sentyabrın 12-dək davam edəcək.

# 2818
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar