863
09:02
07 Sentyabr 2020

Dünyada bu gün - VİDEO

MƏHƏRRƏM SEYİDOV

(1952-1990)

Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Mirəziz oğlu Seyidov 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olub. 1969-cu ildə burada orta məktəbi bitirdikdən sonra Bakı Xüsusi Milis Məktəbinə qəbul olub, Şərur rayonunda baş inspektor işləyib. 19 yanvar 1990-cı ildə ermənilərin Sədərək rayonunun Kərki kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə kapitan Məhərrəm Seyidov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ƏLİ HƏSƏNOV

(1957-1990)

20 Yanvar şəhidi Əli Xudaverdi oğlu Həsənov 1957-ci il sentyabrın 7-də Bakıda anadan olub. Meliorasiya Su Tikinti İdarəsində sürücü işləyib. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı aldığı güllə yarasından həlak olub və Şəhidlər Xiyabanında dəfn edilib. Əli Həsənov ailəli idi, 2 övladı var.

RÖVŞƏN AĞAMALIYEV

(1975-1993)

Şəhid Rövşən Baloğlan oğlu Ağamalıyev 1975-ci ilin bu günü Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Burada 1 nömrəli qəsəbə orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil alıb. 17 yaşında könüllü olaraq ordu sıralarına qoşulub və Ağdamın Mərzili, İsmayılbəyli, Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib. Rövşən Ağamalıyev 1993-cü il iyulun 23-də Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə düşmən texnikasının irəliləməsinə imkan verməyib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

ELVİN NAMAZOV

(1990-2016)

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Xüsusi Təyinatlı Qüvvələrin əməliyyat-qrup komandiri Elvin Məmməd oğlu Namazov 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-ci ildə Zahid Mahmudov adına orta məktəbi bitirdikdən sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra 2012-ci ildə Təlim-Tədris Mərkəzində 1 il kurs keçib. 2013-cü ildə kurslarda iştirak edərək Xüsusi Təyinatlı Qüvvələrin sırasına daxil olub, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edib. 3 aprel 2016-cı ildə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə minaya düşmüş döyüş yoldaşını xilas edərkən özü mina partlaması nəticəsində həlak olub. Şəhidin və digər silah yoldaşlarının nəşi aprelin 8-də Qırmızı Xaç tərəfindən götürülüb. Baş leytenant Elvin Namazovun nəşi aprelin 9-da ailəsinə təhvil verilərək doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

FİDAN HACIYEVA

(1976)

Azərbaycanın xalq artisti, opera müğənnisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacı Ağa qızı Hacıyeva-Neylor 1976-cı il sentyabrın 7-də Bakıda anadan olub. 1984-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfinə daxil olub. Orada tam orta təhsilini bitirdikdən sonra 1994-cü ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsinə qəbul olub. Peşəkar opera səhnəsinə ilk dəfə 1996-cı ildə "Koroğlu operası"nda "Xanəndə qız" obrazı ilə gəlib. Sənətçinin 2003-cü ildə “Məhəbbət və Qısqanclıq‎” adlı ilk albomu işıq üzü görüb. 2019-cu ilin sentyabrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunub. 2020-ci ilin mayında Daxili Qoşunların Nümunəvi göstərici hərbi orkestrinin rəis müavini – mahnı ansamblının rəisi təyin edilib. Fidan Hacıyeva bir çox festivallarda iştirak edib və mükafatlar alıb.

SOLTAN DADAŞOV

(1906-1969)

Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor Soltan Baba oğlu Dadaşovun anım günüdür. O, 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Oxumağa həvəsli olduğuna görə atası onu türk-rus məktəbinə verib, buradan da realnı məktəbə keçib. 1920-1921-ci illərdə Bakıdakı Mərkəzi Fəhlə Klubunun dram dərnəyinin fəallarından olub. 1927-ci ildə təhsilini Moskvada davam etdirib. 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun”, “Cəbhə və vətən”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Nərgiz”, “Şah İsmayıl”, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib”, Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən”, İbrahimov Məmmədovun “Tülkü və Alabaş”, Rujero Leonkovallonun “Məzhəkəçilər” əsərlərinin quruluşçu rejissoru olub. Soltan Dadaşov 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

HAFİZ BAXIŞ

(1932-1989)

Tanınmış Azərbaycan şairi Hafiz Baxışın xatirə günüdür. O, 15 oktyabr 1932-ci ildə Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində dünyaya gəlib. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatr və kino aktyorluğu fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət sahəsində fəaliyyət göstərib. 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziyasının Musiqi proqramları redaksiyasında rejissor vəzifəsində çalışıb. Şeirləri dövri mətbuatda müntəzəm çap edilib, onlardan bir çoxuna musiqi bəstələnib. “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram” kitabları nəşr edilib. Hafiz Baxış 1989-cu il sentyabrın 7-də vəfat edib.

SİRUS TƏBRİZLİ

(1942-2013)

İctimai-siyasi xadim, keçmiş mətbuat və informasiya naziri Sirus Xudadat oğlu Təbrizli də bu gün xatırlanır. O, 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycan xalq hərəkatının fəallarından və Yeni Azərbaycan Partiyası qurucularından biri olub, partiyanın sədr müavini təyin edilib. I və II çağırış Milli Məclisinin deputatı olub. 2000-ci il noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilib, parlamentin İnsan hüquqları komissiyasının sədri olub. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının 2007-ci il martın 27-də keçirilən iclasında partiyanın sıralarından xaric edilib. Sirus Təbrizli 2013-cü il sentyabrın 7-də Nabranda vəfat edib və Bakıda dəfn olunub.

Dİgər xəbərlər