“Balıqçının qızı” filmi Beynəlxalq Kinofestivalda
01 sentyabr 2020 14:44 (UTC +04:00)

“Balıqçının qızı” filmi Beynəlxalq Kinofestivalda

“Cinex” (Azərbaycan) və “Non-stop prodakşn” (Rusiya) kino şirkətlərinin birgə çəkdiyi “Balıqçının qızı” bədii filmi oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kinofestivalın (MMKF) əsas müsabiqəsinin proqramında iştirak edəcək.

Lent.az  xəbər verir ki, rejissor İsmayıl Səfərəlinin quruluş verdiyi “Balıqçının qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir: “Günlərin birində balıq ovuna gedən balıqçı itkin düşür və balıqçının qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal da olsa, dəfn mərasiminin keçirilməsində israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara üsyan edir və ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur və hadisələr bundan sonra cərəyan etməyə başlayır”.

Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, rejissoru İsmayıl Səfərəli, operatoru Şandor Berkeşi, quruluşçu rəssamı Sergey Zaykovdur. Rollarda Həmail Həsənova, Günəş Mehdizadə, Vüsal Əzizov, Rasim Cəfər, Fərid Aslanov, Elnur Nəcəfov, Qurban İsmayılov, Mahir Dərviş, Elşən Əsgərov, İqor Nikulov çəkiliblər.

İsmayıl Səfərəli 2003-cü ildə “Duke Universiteti”ni (Dyurham, NC) bitirərək iqtisadiyyat üzrə magistr dərəcəsi və 2015-ci ildə Moskva Yeni Kino Məktəbində kinorejissorluq üzrə magistr dərəcəsi alıb. 2014-cü ildən etibarən iki filmdə icraçı prodüser vəzifəsində çalışıb, 3 qısametrajlı filmin prodüseri və rejissorudur, “Gecə qabarması” tammetrajlı bədii filminin həmmüəllifidir. Həmin ekran əsəri 2017-ci ilin iyulunda Karlovı Varı Film Festivalının intensiv proqramına qatılmaq üçün digər 6 layihələrlə seçilib. Bundan başqa, onun filmoqrafiyasına “Təkbətək” (2014), “Yuki üçün layla (2015) və “Əmin-amanlıq dənizi” (2017) qısametrajlı filmlər daxildir.

# 3844
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar