12:04
01 Sentyabr 2020

Bir səfərin tarixçəsi: 30 il əvvəl "Neftçi" Türkiyədən niyə qəfil qayıtdı?

80-ci illərin sonu, 90-cı illərin əvvəlləri bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da ictimai-siyası vəziyyət xeyli gərgin idi. Ermənilərin tarixi torpaqlarımıza iddia etməsi, Dağlıq Qarabağda müharibə ab-havası yaratmışdı. Bakıda isə xalqın azadlıq tələbi ilə keçirdiyi mitinq və nümayişlərin, tətillərin ardı-arası kəsilmirdi. SSRİ adlı imperiyanın da dayaqları laxlayırdı. Müstəqilliyə can atan Azərbaycan, bu çətin və mürəkkəb şəraitdə, qonşu və qardaş Türkiyə ilə əlaqələr yaratmağa çalışırdı. Təsadüfi deyil ki, məhz həmin ərəfələrdə Türkiyə ilə gediş-gəliş artır, insanlar dili və dini bir olan qardaşlarımızı daha yaxından tanımağa başlayırdılar.

İlk vaxtlar SSRİ-ni qıcıqlandırmamaq üçün, daha çox idman və mədəniyyət sahəsində əlaqələrin inkişafına çalışmaqla, qardaş xalqlar arasında ünsiyyətin artırılması, dostluq körpüsünün atılması məqsədi güdülürdü. Bu cür tədbirlər çərçivəsində də “Neftçi” 1990-cı ilin yanvarında Türkiyənin İstanbul şəhərinə dəvət olunur.

Qardaş ölkəyə ikinci səfər

“Neftçi” ilk dəfə Türkiyəyə 1987-ci ilin yanvarıda yollanıb. Həmin səfər İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə baş tutub. Bələdiyyə başqanı Burhan Özfaturanın şəxsən qəbul etdiyi “Neftçi”, burada iki yoldaşlıq oyununda meydana çıxıb. İlk görüşdə izmirli futbolçuların seçmə komandasına qarşı oynayan “ağ-qaralar” 1:3 hesabıyla uduzub. İkinci görüşdə isə “Neftçi” “Altay”a bir cavabsız qolla qalib gəlib.

Növbəti səfər bundan düz 3 il sonra gerçəkləşir. İstanbulda keçirilən Azərbaycan mədəniyyəti günlərinə dəvət olunanlar sırasında “Neftçi” də var idi. “Türk Dünyası Araşdırmaları Vəqfi”nin İstanbula dəvət etdiyi “Neftçi”nin səfər xərclərini də, elə həmin qurum ödəyəcəkdi. Yanvarın 12-də Türkiyəyə yollanan “xalq komandası” 5 gün sonra “Ali Sami Yen” stadionunda “Qalatasaray”la qarşılaşır.

Türkiyəyə yollanan heyətdə komandanın prezidenti Aydın İbrahimov, rəisi Çingiz İsmayılovun və baş məşqçi Ruslan Abdullayevin rəhbərliyi altında bu futbolçular yer alırdı: Cəmaləddin Əliyev, Arif Əsədov, Tərlan Əhmədov, Vidadi Rzayev, Vəli Qasımov, Rasim Abuşov, Arzu Mirzəyev, Ərani Beydiyev, Yunis Hüseynov, Nazim Süleymanov, Musa Qurbanov, Vladislav Qədirov, Səttar Əliyev, Əsgər Abdullayev, Zöhrab Qədiyev, Samir Ələkbərov, Elşad Tahirov, Yuri Esaulov, Vaqif Şirinov, Vitali Alxazov.

Əksər dostluq görüşlərində olduğu kimi, bu qarşılaşmada da qalib müəyyənləşmədi və tərəflər hərəyə iki qol vurmaqla 2:2 hesablı bərabərliyə razılaşdılar. “Neftçi”nin qollarını isə “Qalatasaray”ın qapısından Samir Ələkbərovla Vladislav Qədirov keçirmişdi. Əvvəlcədən hazırlanmış səfər proqramına uyğun olaraq “Neftçi” İstanbulda 14 gün qalmalı və “həm ticarət, həm də ziyarət” prinsiplərinə uyğun davranmalıydı. Belə ki, klub rəhbərliyi bu səfərdən təlim-məşq toplanışı kimi yararlanmaq fikrində idi. Mövsümə hazırlığı İstanbulda keçirən “Neftçi” məşqlərinə orda davam etməli, İstanbulun digər klubları ilə də yoxlama oyunlarında gücünü sınamalı idi. Amma Bakıda baş verən proseslər səfər proqramını sona qədər yerinə yetirməyə imkan vermir. Yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Bakını işğal etməsi, dinc və əliyalın əhaliyə qarşı silah işlədilməsi, 100-dən çox insanın şəhid olması xəbəri, “Neftçi”nin məşqçi və futbolçularını sarsıdır. Komanda yekdilliklə səfərin yarımçıq saxlanılmasına və təcili Bakıya qayıtmağa qərar verir. Təsadüfi deyildi ki, komanda üzvləri Bakıya çatan kimi Şəhidlər Xiyabanına yollanır, dünyasını dəyişən qəhrəman bacı və qardaşlarımızın ailə üzvlərinin dərdinə şərik olurlar. Onların belə davranışı Türkiyə mətbuatında da böyük əks-səda doğurur. Bu barədə xəbəri oxuculara təqdim edən “Milliyət” qəzetinin manşetində “Futbolçu gəldilər, əsgər döndülər” başlığının yer alması da həmin əks-sədanın göstərici sayılmalıdır.

“Türklər bizi müharibəyə gedən əsgərlər kimi yola saldılar”

“Neftçi”nin İstanbula gedən futbolçularından olan Yunis Hüseynov həmin səfərlə bağlı xatirələrini SportLine.az oxucuları üçün belə bölüşdü:

“Bu səfərdən əvvəl dünyanın bir çox ölkələrində olmuşduq Amma Türkiyəyə gedişimiz bizim üçün yeni bir səhifə idi. Hər yerdə qəhrəman kimi, doğma insanlar sayağı qarşılanırdıq. Özümüzü evdəki kimi hiss edirdik. “Qalatasaray”la oyun çox maraqlı, gərgin məcrada keçdi. Epizodların birində hakim Arzu Mirzəyevə qırmızı vərəqə də göstərdi və biz oyunu azlıqda başa vurduq. Azlıqda qalmasaydıq, oyun 2:1 hesablı qələbəmizlə bitəcəkdi. Hakim də türkiyəli idi. Mirzəyev ona sərt etiraz etdi. Səhv eləmirəmsə, oyundan kənar vəziyyətlə bağlı mübahisə yaranmışdı. Yan xətt hakimi ofsaydı qeydə almadı, Arzu da sərt şəkildə onlara etiraz bildirdi. Azlıqda qalandan sonra, qapımızdan ikinci topu buraxdıq. SSRİ çempionatında oynayırdıq, Türkiyə futbolu ilə çox yaxından maraqlanmaq imkanımız yox idi. Ona görə də rəqibin heyətində hansısa məşhur futbolçunun oynamasını xatırlamıram. Amma onlar bizi tanıyırdılar, hörmət edirdilər.

Əvvəlcədən planlaşdırılmışdı ki, biz başqa şəhərlərə də gedək, daha bir-neçə yoldaşlıq oyunu keçirək. Amma qəfildən gələn xəbər planlarımızı dəyişdi. Eşitdik ki, Sovet ordusu Bakıda dinc insanlara atəş açıb, şəhidlər var. Ondan sonra futbol barəsində düşünmək mümkün deyildi. Türklərə də dedik ki, təcili qayıtmalıyıq. Bizimlə yoxlama oyunu keçirmək istəyən rəqiblərə də məlumat verildi ki, Bakıda qırğın baş verib, “Neftçi” geri qayıdır. Təyyarə ilə qayıtmalıydıq, amma səfər proqramı dəyişdiyinə görə bizim üçün təcili avtobus tapdılar. Çünki birbaşa reys yox idi. Trabzondan keçməklə Bakıya gəldik. Yolüstü bütün şəhərlərdə bizi yüksək səviyyədə qarşılayır, müharibəyə gedən əsgərlər kimi yola salırdılar. Bakıya çatan kimi Şəhidlər Xiyabanına getdik, şəhidlərimizin məzarlarını ziyarət etdik”.

“Bakıda baş verənləri eşitdikdən sonra orda qala bilməzdik”

1963-cü ildən “Neftçi”nin həkimi olan Boris Xetaqurovun da İstanbul səfəri ilə bağlı xatirələri zəngindir. Şəxsi arxivində həmin dövrdə Türkiyə mətbuatında “Neftçi” barədə yazılan məqalələri və “Qalatasaray” rəhbərliyinin təqdim etdiyi xatirə hədiyyələrini dəyərli eksponat kimi saxlayır. Səfərin yarımçıq qalmasına təəssüflənsə də, vurğulayır ki, Bakıda baş verənləri eşitdikdən sonra orada qala bilməzdilər:

“Türk Dünyası Araşdırmaları Vəqfi”nin dəvəti ilə İstanbula getmişdik. Həmin vaxt “Neftçi” Güclülər dəstəsini tərk etmişdi. Komandada nəsildəyişmə prosesi gedirdi. Ölkədə də ictimai-siyası vəziyyət yaxşı deyildi. Bununla belə biz öz işimizlə məşğul idik. Respublika rəhbərliyi komandanın qarşısına elitaya qayıtmaq vəzifəsi qoymuşdu. Bu məqamda İstanbula səfər barədə dəvət də yerinə düşdü. Komanda yeni bir mühitdə təlim-məşq toplanışı keçirmək, güclü komandalarla qüvvəsini sınamaq imkanı qazanmışdı. Bizimlə yanaşı, Türkiyəyə yazıçılar, mədəniyyət xadimləri də yollanmışdılar. Biz İstanbuldan Ankaraya da getdik. Atatürkün anıt qəbrini ziyarət etməklə, xatirəsinə ehtiramımızı bildirdik.

İlk oyun “Qalatasaray”la oldu. Üstün tərəf biz idik və qarşılaşmanın böyük hissəsini 2:1 hesabı ilə öndə olduq. Son dəqiqələrdə meydan sahibləri cavab topunu vurdular. Sözsüz ki, həmin oyunda nəticə vacib deyildi. Həm türklərlə əlaqələri möhkəmləndirmək üçün öz töhfəmizi verməliydik, həm də komandanı yeni mövsümə hazırlamalıydıq. “Neftçi”nin çox gözəl heyəti var idı. Ruslan Abdullayevin sərəncamında istedadlı yerli gənclər toplanmışdı. “Qalatasaray”dan sonra İstanbulun digər komandaları ilə də qarşılaşacaqdıq. Amma Bakıda baş verən hadisələri eşitdikdən sonra qərarımız qəti oldu ki, vətənə qayıtmalıyıq. Səfər proqramı yarıda kəsildi. Artıq orda qala bilməzdik. Aydın İbrahimov bizim qrupun rəhbəri idi və yekun qərar yekdilliklə qəbul olundu”.

“Türklər məni “Qalatasaray”a aparmaq üçün Bakıya da gəlmişdilər”

Qalatasaray”ın qapısına vurulan iki qoldan birinin müəllifi olan Vladislav Qədirov isə, bizimlə söhbət əsnasında, indiyədək heç bir yerdə demədiyi tarixi fakti məhz SportLine.az-a açdı:
“Bizimlə birlikdə səfərə Briliyant Dadaşova, Ağadadaş Ağayev kimi sənət adamları da çıxmışdı. Çünki səfər təkcə futbolla bağlı deyildi.

“Neftçi” 1990-cı ildə ciddi dəyişikliklərə məruz qaldı. Təcrübəli futbolçuların əksəriyyəti komandanı müxtəlif səbəblərdən tərk etmişdilər. İstanbula aparılan heyət əsasən gənclərdən təşkil olunmuşdu. Nisbətən Nazim Süleymanov təcrübəli idi, yüksək liqada iki mövsüm İsgəndər Cavdovla, Ponomaryovla çiyin-çiyinə oynamışdı. “Qalatasaray”la oyun çox maraqlı keçdi. Bizə qarşı həmin il Avropanın ən yaxşı qolçusu adını alan Tanju Çolak da oynayırdı. O, bu ada Türkiyə çempionatında vurduğu 39 qolla layiq görülmüşdü. Tanjudan başqa Tuqay Kərimoğlunu da xatırlayıram. Sonradan xeyli məşhurlaşdı, İngiltərəyədək getdi. Bizə qarşı oynayanda gənc idi. Sözün düzü, biz “Qalatasaray”ı o qədər də yaxşı tanımırdıq. Əlaqələr indiki kimi geniş deyildi.

Səhv etmirəmsə, ilk qolu mən vurdum. Daha sonra Samir Ələkbərov fərqləndi. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim vurduğum qol xüsusilə baxımlı alındı. 90-cı dəqiqəyədək hesabda 2:1 öndə idik. Azlıqda oynayırdıq. Hakim türklər cavab qolunu vurana qədər vaxtı uzatdı və sonda qapımıza penalti verdi (gülür). Amma bu oyunda nəticə elə də vacib deyildi. Çalışırdıq ki, dostluq ab-havasına xələl gəlməsin. Yaxşı əhval-ruhiyyədə idik. Bakıdan gələn qara xəbərlər hər şeyi korladı. Digər görüşlər ləğv olundu. “Neftçi” Bakıya yollandı, mən isə İstanbulda qaldım. Çünki əvvəlcədən belə planlaşdırılmışdı ki, 14 günlük toplanış olacaq və mən oradan SSRİ-nin Olimpiya yığmasının heyətinə yollanacam. Mənim üçün bilet də belə alınmışdı, oradan Moskvaya getməli idim. Biz Barcelonada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşırdıq.

Komanda gedəndən sonra mən bir-neçə gün oteldə tək qaldım. Mənim yanıma “Qalatasaray”ın rəhbərliyi gəldi, bildirdilər ki, oyunumu bəyəniblər. Konkret təklif etdilər ki, heç yerə getməyim, İstanbulda qalım və “Qalatasaray”la müqavilə imzalayım. 1989-cu ildə “Neftçi” Güclülər dəstəsini tərk etmişdi. Rəhbərlik komandanın qarşısına hədəf qoymuşdu ki, qarşıdakı mövsümdə yaxşı çıxış edək və elitaya qayıdaq. Onlara bunu bildirdim, eyni zamanda qeyd etdim ki, mən SSRİ yığmasının üzvüyəm, Olimpiadaya hazırlaşıram. “Neftçi”dən getsəm məni yığmaya çağırmazlar. Türklər əminliklə bildirdilər ki, bütün sənədlərimi qaydasına salacaqlar və mən Türkiyə millisinin əsas heyətində də heç bir problem olmadan oynayacağam. Sözsüz ki, təkbaşına qərar verə bilməzdim, onlara klub rəhbərliyi ilə danışıq aparmağı məsləhət gördüm. Özüm isə biletimə uyğun olaraq Moskvaya yollandım.

“Qalatasaray” rəsmiləri inadlarından dönmədilər. Məni özləri ilə aparmaq üçün Bakıya gəldilər. “Neftçi”nin bazasında Aydın İbrahimovla görüşdülər. Transfer üçün yaxşı məbləğdə pul da təklif edirdilər. İbrahimov onlara bildirdi ki, komana Güclülər dəstəsinə yüksəlməyənə qədər heç bir futbolçunu buraxmağa ixtiyarı yoxdur. Türkiyədən gələnlərə bir mövsüm gözləmək təklif olundu. Aydın müəllimin planına görə, mən “Neftçi”nin elitaya qayıtmasına kömək etməli idim, ondan sonra da o, mənim “Qalatasaray” keçidimə icazə verəcəkdi. Futbolda bəxt amili çox vacibdir. Həmin vaxt bəxtim gətirmədi, mənim yolumu bağladılar. “Qalatasaray”a keçməklə irəliyə doğru addım atacaqdım. Özünüz bilirsiz ki, Türkiyədə futbola hansı səviyyədə diqqət var. Özü də 90-cı illərin əvvəlləri orada futbol sürətlə inkişaf edirdi. “Qalatasaray”a qol vurandan sonra İstanbulda gəzərkən məni tanıyırdılar, maraqla yanaşırdılar. Qismət olmadı ki, özümü “Qalatasaray”da göstərim. Biz oyun səviyyəsində onları qabaqlayırdıq. Gənc və həvəsli idik. Mövsümün gedişində zədələndim, ağır əməliyyat keçirdim. Bununla da İstanbula yollanmaq arzumun üzərindən birdəfəlik xətt çəkdim. Etiraf edim ki, “Qalatasaray”ın qəlbimdə xüsusi yeri var. Bakıda “Neftçi”, Moskvada “Spartak” mənim üçün necə doğmadırsa, Türkiyədə də “Qalatasaray”a azarkeşlik edirəm”.

Göründüyü kimi, 20 yanvar faciəsi və 90-cı illərin əvvəllərində gedən proseslər Azərbaycan futboluna da öz ciddi təsirini göstərib. Yeni istedadlar nəslinin parlamasına, zirvələr fəth etməsinə SSRİ-nin süqutu ilə başlayan ağır iqtisadi və siyası vəziyyət mane olub. Kim bilir, “Neftçi” İstanbulda nəzərdə tutulduğu qədər qalsaydı və bütün yoxlama oyunlarını keçirsəydi, Türkiyə klubları daha hansı futbolçularımızı “hədəfə” alacaqdılar, onları özləri ilə aparmaq üçün Bakıya gələcəkdilər. Vladislav Qədirovun “Qalatasaray”a yollanması isə, Azərbaycan futbolu üçün yeni üfüqlər açacaq, digərlərinə tramplin rolu oynayacaqdı. İndi bütün bunlar barədə acı təəssüflə danışmağa məcbur olmayacaqdıq.

(sportline.az)

Dİgər xəbərlər