1351
11:49
29 Avqust 2020

Qarabağdakı yoluxma sayı Azərbaycanın ümumi statistikasında göstərilməlidir - RƏSMİ


“Dağlıq Qarabağın erməni icması Azərbaycan vətəndaşlarıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, həmin vətəndaşların yoluxması da Azərbaycanın ümumi statistikasında göstərilməlidir: “Ancaq işğal olunmuş ərazilərdəki bu məlumatları əldə etmək mümkün olmur. ÜST-ə müraciətimizdə də bildirilib ki, Dağlıq Qarabağda yoluxmalar barədə məlumatlar daxil olanda, bu məlumatlar Azərbaycanın ümumi statistikasında göstərilməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Şuşada qondarma rejim maskasız, sosial məsafə gözlənilmədən qondarma anım mərasimi keçirilib: “Bu da yoluxmanın artmasına səbəb olub. İşğal Olunmuş ərazilərdəki Ermənistan silahlı bölmələrinin hərəkəti də yoluxma hallarının artmasına səbəb olur. İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxma halı çoxdur, lakin Ermənistan bunu gizlədir”.