1428
15:44
26 Avqust 2020

İnsanlar İmam Hüseyni evlərində də yad edə bilərlər - AÇIQLAMA

Pandemiya səbəbindən bu il insanlar ənənəvi qaydada məhərrəm təziyələrini qeyd edə bilmir.

Bu hal mərasimlərin keçirilməsinə böyük önəm verənlər tərəfindən necə qarşılanır?

Mövzu ilə bağlı Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı Samid Quliyev danışıb.

O, vəziyyətlə əlaqədar Azərbaycan ərazisində bütün ibadət ocaqlarında müvəqqəti olaraq dini ayinlərin keçirilməsinin təxirə salındığını xatırladıb: “Təkcə məscidlərdə deyil, kilsə və sinaqoqlarda da eyni vəziyyət müşahidə olunur. Bizim inanclılar Ramazan və Qurban bayramlarında verilmiş qərarlara hörmətlə yanaşdılar. Məhərrəm ayı boyunca insanlar öz evlərində ailələri ilə birlikdə əzadarlıq edə, İmam Hüseyn əleyhissəlamı yad edə bilərlər. “Hər yer Kərbəladır, hər gün Aşuradır” fikrindən təsirlənən ata-babalarımız sovetin ən çətin dönəmlərində-məscidlərin məcburi bağlatdırıldığı illərdə belə evlərində İmam Hüseynə matəm saxlayıb, bu ənənəni qoruyub saxlaya biliblər. Hazırkı vəziyyət isə müvəqqəti xarakter daşıyır.

S.Quliyev Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı ölkə dindarlarına müraciətini yada salıb: “Dövlətimiz tərəfindən görülən zəruri tədbirlərə böyük önəm və dəyər verən din xadimləri hər zaman olduğu kimi, dövlətimizin yanındadır və onun xalqımızın rifah və tərəqqisi naminə səylərini dəstəkləyir, fəaliyyətinə rəvac diləyir. Öz növbəmizdə, pandemiyaya dair hökümətimiz tərəfindən müəyyən edilən bütün zəruri qaydalara əməl etməli, verilmiş tövsiyələri hər kəsə təlqin etməli, xəstəlik təhlükəsinin qarşısının alınması, tezliklə sovuşması üçün əlimizdən gələni əsirgəməməliyik. Ümidvarıq və dualar edirik ki, Allahın izni ilə bu çətin günlər keçəcək, xalqımız yenidən məscidlərdə ibadət etmək imkanı qazanacaq”.

Dİgər xəbərlər