1715
19:43
25 Avqust 2020

Azərbaycanın Müdafiə naziri rusiyalı həmkarı ilə görüşdü


Avqustun 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Müdafiə Nazirliyindən APA -ya verilən xəbər görə, qonaqları salamlayan Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, dövlətlərimizin başçılarının dostluq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik inkişafını müəyyənləşdirir.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan general-polkovnik Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.

Səmimi qəbula görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Rusiyanın müdafiə naziri Ermənistanla sərhəddə baş vermiş son döyüş toqquşmaları zamanı şəhid olmuş Azərbaycan hərbi qulluqçularının ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Ordu generalı S.Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması barədə son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dİgər xəbərlər