8623
14:47
17 Avqust 2020

Yenidən açılan kitab mağazaları: Vəziyyət belə davam edərsə… - ARAŞDIRMA

“Artıq kitab mağazamız fəaliyyətə başlayıb. Amma karantin günləri ilə müqayisədə satışda az fərq var. Ümumiyyətlə, həmişə avqust ayının 20-ə kimi satış zəif olub. Keçən illə müqayisədə bu il daha çox hiss olunur”.

Bu sözləri “Oxford” kitab evinin satıcısı Tariyel Əliyev deyir. Onun sözlərinə görə, kitab satışının zəifləməsinə təsir edən amillərdən biri də məktəblərin açılmamasıdır:

“Keçən il bu vaxt insanlar məktəb ləvazimatları və dərsliklər alırdı. İndi isə məktəblərin açılıb-açılmayacağı dəqiq bilinmədiyi üçün, belə deyək, hamı gözləmə mövqeyindədir”.

Sərtləşdirilmiş karantin dövrünün yumşaldılmasından sonra, artıq bir həftədir ki, kitab mağazaları da fəaliyyət göstərir. Kitab mağazalarındakı vəziyyəti öyrənmək üçün Lent.az -ın əməkdaşı bir neçə kitab evinə üz tutub. Baxmayaraq ki, kitabsevərlər mağazaların açılmasını həsrətlə gözləyirdilər, amma nəticə o qədər də ürək açan deyil. “Libraff” kitab evindən verilən məlumata görə, karantin müddətində mağazalarının elektron satışı fəaliyyət göstərib. Amma bu oxucuları o qədər də məmnun etmir:

“Bizim Bakıda 5, Gəncədə biri olmaqla, 6 filialımız var. Gənclik Mall və Gəncə Mall istisna olmaqla, digər filiallarımız yenidən fəaliyyətə başlayıb. Mağazalarımızın metronun “Elmlər Akademiyası”, “İçərişəhər” stansiyalarında, eyni zamanda, 28 may “ASAN Kommunal” və Hava Limanı filialları oxucuların xidmətindədir. Mağazaların fəaliyyətə başlaması təbii ki, oxucular üçün də çox rahatdır. Onlayn satış və çatdırılma xidməti olsa da, bu heç vaxt oxucuların gəlib kitab mağazasında olmasını, kitablara toxunmasını və özləri tərəfindən seçilməsini əvəz etməz”.

“Kitabevim.az” kitab mağazalar şəbəkəsindən aldığımız məlumata görə, vəziyyət belə davam etsə, alıcı qıtlığı mağazalarının bağlanmasına səbəb ola biləcək:

“Əvvəlki illərin avqust ayı ilə müqayisədə satış zəifdi. Məktəblər açılmasa, kitab sektorunda vəziyyət daha da acınacaqlı olacaq. Bütün kitab sahibkarları avqust, sentyabr, oktyabr ayın gözləyir. Bu vəziyyət davam edərsə, bir çox kitab mağazası bağlanacaq”.

Bəs oxucular nə deyir? Mağazaların fəaliyyəti onları sevindirirmi?

Mağazalardan birində qarşımıza çıxan alıcı Səidə Quliyeva deyir ki, kitab mağazalarının açılması çox yaxşı oldu:

“Elektron kitab seçmək mənim üçün maraqsızdır. Bura gəlib kitablara toxunuram, içini açıb baxıram, oxuyuram. Məsələn, bu gün heç almaq fikrim olmayan bir kitabı da seçdim. Kitab mağazasında gəzdikcə adam yeni kitablar görür və alır”.

Həvəslə kitab seçməkdə olan oxucu Aqşin Xəyal isə kitabların baha olduğundan gileyləndi:

“Bu karantin müddətində kitab oxuyan təbəqə demək olar ki, kitaba ac oldu. İndi bu aclığı doydurmaq üçün çox güman ki, kitab mağazalarına böyük bir axın olacaq”.

Hə, satıcıların və alıcıların gileyi ilə bitmir bu məsələ. Bir də nəşr olunan kitabları evdəki kitab rəflərində qalan gənc yazarlar var.

Gənc yazar Eminquey də elə bunu təsdiqlədi. Amma...

“Fevral ayında “Günəbaxan” adlı şeirlər kitabım işıq üzü görüb. O zaman karantin yox idi, virus yox idi. Təqdimatda kitablarımın yarıya qədəri satıldı. Sonrası... Mən kitablarımı kitab mağazalarına vermədim. Birincisi Azərbaycanda kitab bazarı yoxdur. İkincisi, kitab bazarında yerli müəlliflərə meydan verilmir. Bunun da bir çox səbəbləri var. Üçüncüsü, yerli müəlliflərlə (detektiv roman yazanları çıxmaq şərtilə) işləmirlər. Onun kitabının satışını təşkil etmirlər. Kitablarını rəflərin ən görünməyən yerlərində məhv edirlər. Dördüncüsü, kitabın qiyməti 5 manatdırsa, onun ən azı 35-40 faiz qazancını özlərinə götürürlər. Satışı ilə məşğul olmadan, sadəcə, rəflərin görünməyən yerlərində saxlaya-saxlaya. Birinci kitabımda dəfələrlə belə şeylərlə rastlaşmışam. Ondan sonra qərar verdim ki, ikinci kitabım çap olunsa, heç bir kitab dükanına verməyəcəm. Hazırdakı durum içi mən qarışıq bizim yazarları öz kitablarını özlərinin satmağına məcbur edir. Həm qazancını tam götürə bilirik, həm də daha effektiv olur. Bu kompaniyanın ən uğurlu adamı yazıçı dostumuz Kəramət Böyükçöldür. Biz də öz oxucularımıza bu vasitə ilə çata bilirik. Maraqlısansa, kitabını alırlar. Həm öz qiymətinə, həm də qiymətindən qat-qat baha. Bizə başqa yol buraxmadılar”.

Gənc yazar Ayxan Ayvaz deyir ki, kitab mağazalarının açıq, ya da bağlı olmasının onun kitabının satışına elə bir təsiri yoxdur:

“Mənə elə gəlir ki, bizdə kitab mağazalarının açıq və ya bağlı olması elə də fərq yaratmır. Onsuz da kitab mağazalarında kitabım satılmırdı. Daha doğrusu, heç vaxt kitab mağazalarına kitab verməmişəm. Özüm satmışam. Sonuncu kitabım "Mavra, Zəhra və başqaları" “Mücrü” nəşriyyatında çap olundu. Tiraj nəşriyyatın özündədir deyə, satışı ilə də onlar məşğuldur. Bizdə problem kitab mağazalarının açılıb-bağlanması deyil, kitab mağazalarının yerli yazarlara biganəliyidir. Bizim kitabları elə yerlərə qoyurlar ki, gərək “lupa”yla axtarasan. Nəşriyyatlar yerli müəllifləri satmaqda həvəsli deyillər. Ancaq xarici yazarların kitaablarını satırlar. Çünki onları satmaq asandır. Tirajlı, məşhur müəlliflərdir. Nəşriyyatlar bizdə mətbəə rolunu oynayır, sadəcə kitab satır. Yüz dəfə, min dəfə demişəm bunu, artıq yorulmuşam. Bu işə bir əncam çəkmək lazımdır. Yazıçının öz kitabının hesabıyla dolanmasını təmin etmək vaxtı çatıb artıq. Nəşriyyat yoxdur, yerli müəllifə qapı açan kitab mağazası yoxdur, kitablarımızı təbliğ edən qurum yoxdur. Bu yoxluğun içində adamın əli hər şeydən üzülür. Artıq mən bu mövzuda danışmaqdan bezmişəm”.

“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu deyir ki, bu müddət təkcə kitab satışına deyil, işçilərin iş rejiminə uyğunlaşmasına da böyük zərər verdi:

“Artıq kitab dükanlarından sifarişlər qəbul olmağa başlayıb. Uzun müddət bağlı qalandan sonra psixoloji olaraq iş rejiminə bərpa olmaq asan deyil. Əvvəlki vəziyyətə dönmək, tam bərpa olmaq üçün uzun müddət keçməlidir. Fəsadlar çoxdur, məncə yeni vərdişlər formalaşdırmaq asan deyil. Biz işçilərin əmək haqlarını verdik. İş olmasa belə bunu etdik”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli isə mağazalarının hamısının açılmaması səbəbindən vəziyyətin gərgin olaraq qaldığını bildirdi:

“Bizim 7 mağazamızdan ikisi açıldı. “Fəvvarələr meydanı”da və “Koroğlu” metrostansiyasındakı mağazalarımız. Bu bizə bir az dəstək olsa da, çox böyük dəyişiklik gətirməyib. Çünki digər beş mağazamız bağlıdır. Bizim ümumi vəziyyətimiz təbii ki, yaxşı deyil. Vəziyyət gərgin olaraq qalır. Çalışırıq ki, bütün gücümüzü online satışa verək”.

Həmsöhbətimiz onu da qeyd etdi ki, bu müddət ərzində bir sıra yeniliklər də ediblər:

“Elektron satışımızda yeniliklər etmişik. Məhz pandemiyaya görə yaradılan bu yenilik “Elektron kitab hədiyyə kartı” adlanır. Əgər siz kiməsə kitab hədiyyə etmək istəyirsiniz, lakin bu prossesin rahat olmasını və siz evdən çıxmadan baş tutmasını arzulayırsınızsa, bunu bizim sayt vasitəsilə həyata keçirə bilərsiniz. Evdən çıxmadan elektron kitab kartı əldə edirsiniz və istədiyiniz insana onu elektron poçt vasitəsi ilə göndərirsiniz. Elə kartı göndərdiyiniz şəxs də evdən çıxmadan alış-verişini edir”.