2026
09:09
16 Avqust 2020

Dünyada bu gün - VİDEO

HACI ZEYNALABDİN ŞİRVANİ

(1780-1838)

Məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin İsgəndər oğlu Şirvani 16 avqust 1780-ci ildə Şamaxı şəhərində axund ailəsində anadan olub. İbtidai təhsilini burada atasının dərs dediyi mədrəsədə alıb. 1796-cı ildə Bağdada gedərək orada fəlsəfə, tibb, astronomiya və riyaziyyat kimi dünyəvi elmlərə yiyələnib. Ərəb və fars dillərini mükəmməl öyrənib. Ömrünün 37 ilini səyahətdə keçirib, 70 min kilometrdən artıq məsafə qət edib. “Təmkin” təxəllüsü ilə yazdığı şeirlər “Səyahətnamə”lərində yer alıb. "Riyazüs-səyahət", Hədaiqüs-səyahət" və "Bustanus-səyahət " adlı əsərlər yazıb. Hacı Zeynalabdin Şirvani ömrünün son ilində - 1838-ci ildə ailəsi ilə birlikdə çıxdığı Həcc ziyarəti zamanı yolda xəstələnib və Ciddə şəhəri yaxınlığında dünyasını dəyişib.

ŞIXƏLİ QURBANOV

(1925-1967)

Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, yazıçı, dramaturq, şair, ədəbiyyatşünas Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqustun 16-da Bakıda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil alıb. 1942-1945-ci illərdə hərbi xidmətdə olub. Daha sonra Azərbaycan KP MK Bakı Partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, indiki Səbayel Rayon Partiya Komitəsinin I katibi, Bakı Zəhmətkeşlər Deputatları Sovetinin deputatı, Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK Bürosunun üzvü və katibi olub. Bir sıra əsərlərin müəllifidir. “Milyonçunun dilənçi oğlu” tamaşasına yazdığı libretto üçün Üzeyir Hacıbəyov adına Respublika Mükafatına layiq görülüb. 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilən Novruz bayramının təşəbbüskarı və təşkilatçısı olub. Şıxəli Qurbanov 1967-ci ilin mayında müəmmalı şəkildə vəfat edib.

BƏXTİYAR VAHABZADƏ

(1925-2009)

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycanın Dövlət Mükafatı laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ilin bu günü Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. Bir sıra pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsinə qədər yüksəlib. 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib. Bu poemaya görə 1962-ci ildə "millətçi" damğası ilə Universitetdən çıxarılıb. Sonuncu çağırış Azərbaycan Ali Sovetinin, I və II çağırış Milli Məclisin deputatı seçilib. 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

HƏSƏN SEYİDOV

(1932-2004)

Azərbaycan-sovet dövlət xadimi, əməkdar mühəndis Həsən Neymət oğlu Seyidov 16 avqust 1932-ci ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1956-cı ildə SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin indiki Səttarxan adına zavodunda usta köməkçisi vəzifəsində başlayıb, 9 il ərzində mühəndis və baş mühəndisin müavini vəzifələrində çalışdıqdan sonra 1965-ci ildə zavod direktoru vəzifəsinə təyin edilib. 1971-ci ilin fevral ayında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye-nəqliyyat şöbəsinin müdiri, 1971-1981-ci illərdə MK-nın katibi, 1971-1991-ci illərdə Azərbaycan KP MK-nın üzvü, 1971-1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1981-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Bu müddətdə Sov. İKP MK-nın XXVI və XXVII qurultaylarına nümayəndə, Sov. İKP MK üzvlüyünə namizəd, X və XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif edilib. 1991-ci ilin noyabr ayından "Azərinkom" informasiya-kommersiya birliyinin, 1997-ci ildən isə "Azərinkom" səhmdar cəmiyyətinin baş direktoru vəzifəsində çalışıb. Borçalı camaatının Azərbaycan televiziyasına baxa bilmələri üçün ötürücü stansiya tikdirib, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirib, onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa olunub. Həsən Seyidov 8 dekabr 2004-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

ZAKİR MƏMMƏDOV

(1936-2003)

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədov 1936-cı il avqustun 16-da Ağdamda anadan olub. 1957-ci ildə Ağdam 1 saylı orta məktəbi medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin yeni açılan ərəb şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirdikdən sonra AMEA-nın Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1962-1963-cü illərdə Misirdə Asuan bəndinin inşasında tərcüməçi kimi çalışıb. 1964-cü ilin 1 yanvarından AMEA-nın Fəlsəfə sektorunda işə başlayıb. 1969-1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi redaktor vəzifəsində işləyib. 30-dan çox elmi kitabın, 250 elmi məqalənin müəllifidir. 1997-ci ildən həyatının sonuna qədər AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda təsis etdiyi Şərq fəlsəfəsi tarixi və dinşünaslıq şöbəsinin müdiri işləyib. Azərbaycanda Şərq fəlsəfəsinin bilicilərindən sayılan Zakir Məmmədov 2 mart 2003-cü ildə Bakıda vəfat edib.

ASLAN ATAKİŞİYEV

(1953-1992)

Azərbaycanın Milli Qəhrəmanı Aslan Qabil oğlu Atakişiyev 1953-cü ilin bu günü Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1970-ci ildə burada orta məktəbi bitirib, 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1981-ci ildə təhsilini başa vurduqdan sonra Qubadlı rayonunda müəllimliyə başlayıb. Qarabağ hadisələri başlayanda öz doğma peşəsindən ayrılaraq silaha sarılıb. Laçın rayonu, Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Aslan Atakişiyev 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

İSGƏNDƏR AZNAUROV

(1956-1993)

"Topçu İsgəndər" kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Ahıska türkü ailəsində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirib, Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olub və 1983-cü ildə buranı bitirib. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüz minlərlə ahıskalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb, burada cihazqayırma zavodunda işləyib. 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulub, "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunub. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası və canlı qüvvəsini məhv edib. 1993-cü il aprelin 18-də Gədəbəy istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş leytenant İsgəndər Aznaurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

ELNUR ƏLİYEV

(1976-2016)

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, şəhid Elnur Adil oğlu Əliyev 1976-cı il avqustun 16-da Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1983-1991-ci illərdə Dədəli kənd orta məktəbində təhsil alıb. 1994-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib və N saylı hərbi hissəyə taqım komandiri təyin olunub. 2014-cü ilin noyabrından etibarən Füzuli rayonundakı N saylı hərbi hissənin səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi olub. 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı əsgərlərini qorumaq məqsədilə özünü qumbaranın üzərinə ataraq qəhrəmancasına şəhid olub, aprelin 3-də isə Füzuli rayonunda son mənzilə yola salınıb. Mayor Elnur Əliyev ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

MAHMUD İSMAYILOV

(1920-2001)

Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Mahmud Əliabbas oğlu İsmayılovun anım günüdür. O, 1 sentyabr 1920-ci ildə Şəki şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1946-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işə başlayıb, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri vəzifələrində çalışıb. 3 cildlik "Azərbaycan tarixi"nin əsas müəlliflərindən biri, 7 cildlik "Azərbaycan tarixi"nin IV və V cildlərinin məsul redaktoru olub. Onun rəhbərliyi ilə 25-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Bir sıra orden, medal və fəxri fərmanlarla, o cümlədən "Şöhrət" ordeni ilə təltif edilib. Görkəmli tarixçi-şərqşünas alim, professor Şövkət Tağıyeva ilə evli olan Mahmud İsmayılov 16 avqust 2001-ci ildə vəfat edib.

PƏNAH XƏLİLOV

(1925-2019)

Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah İmran oğlu Xəlilovun xatirə günüdür. O, 1925-ci il iyulun 1-də Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. İbtidai təhsilini kənddə alıb. 1934-cü ildə ailəsi ilə Gəncəyə köçdüyündən, 5 saylı şəhər orta məktəbində oxuyub. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub. 1951-ci ildə həmin kafedrada müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1969-cu ildə SSRİ xalqları ədəbiyyatı kafedrasına müdir seçilib. Alim kimi yaradıcılıq fəaliyyətinə 1948-ci ildən başlayıb. Ədəbi tənqid, Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 3 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" kitablarının müəlliflərindən biridir. Pənah Xəlilov 16 avqust 2019-cu ildə vəfat edib.

ZÖHRAB MİRZƏYEV

(1974-1992)

Qarabağ müharibəsinin iştirakçısı, şəhid Zöhrab Mirzə oğlu Mirzəyev də xatırlanır. O, 1974-cü il sentyabrın 22-də Qərbi Azərbaycanın Vedi rayonunun Şidli kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə Ermənistandan qaçqın düşüb və Xətai rayonunda məskunlaşıb, burada 116 saylı orta məktəbi bitirib. 1991-ci ildən "Azəristiliktəchizat"da elektrik montyoru işləyib. 1992-ci ilin avqustun 11-də könüllü olaraq cəbhə bölgəsinə gedib, avqustun 16-da isə Ağdam rayonunun Yenikənd və Gülablı kəndləri uğrunda gedən döyüşlərdə şəhid olub. Zöhrab Mirzəyev Şəhidlər Xiyabanında dəfn olunub.