07:10
16 Avqust 2020

CAR-da kafe, restoranların fəaliyyəti və daxili turizm bərpa edilir

Cənubi Afrika Respublikasının Prezidenti Kiril Ramafoza COVID-19 infeksiyasının ölkə iqtisadiyyatına vurduğu ağır zərbə ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərin yumşaldıldığını elan edib.

APA Reuters-ə istinadən xəbər verir ki, prezident bu barədə televiziya vasitəsilə xalqa ünvanladığı müraciətində bildirib.

Prezident qeyd edib ki, "ikinci səviyyəli" məhdudiyyətlərə keçməyin vaxtı çatıb: “COVID-19 böhranı iqtisadiyyatı tənəzzülə uğratdı və milyonlarla vətəndaşımız həddindən artıq yoxsulluğa sürükləndi. Hökumət bazar ertəsi gecə yarısından etibarən alkoqol və tütün qadağasını götürəcək, kafe və restoranların fəaliyyəti, eləcə də ölkədaxili turizm bərpa olunacaq”.

Ramafozanın sözlərinə görə, "ikinci səviyyə”yə keçməklə iqtisadiyyatın əksər sənaye sahələri üzrə qoyulan bütün məhdudiyyətlər aradan qaldırıla bilər.

“Ən sərt məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, Cənubi Afrikada koronavirus infeksiyalarının artmasının şahidi olduq”, - deyən CAR prezidenti vurğulayıb ki, beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətlər isə hələlik qüvvədə qalır.

Dİgər xəbərlər