Solaxaylıq xəstəlikdir?
13 avqust 2020 14:51 (UTC +04:00)

Solaxaylıq xəstəlikdir?

13 avqust Beynəlxalq Solaxaylar Günü kimi qeyd olunur.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, dünya əhalisinin təxminən 15 faizindən çoxunun solaxay olduğu bildirilir. 1992-ci ildə Britaniya Solaxaylar Klubu tərəfindən avqustun 13-də belə bir günün qeyd olunması təşəbbüsü ilə çıxış olunub. Məlumatlara görə, solaxaylar arasında kişilərin üstünlük təşkil etdiyi bildirilir. Solaxaylıq xəstəlik sayılmır, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hal hesab olunur. Bəs solaxaylıq hansı dövrdən başlayaraq inkişaf edir? Bunun ziyanlı tərəfləri varmı?

Bununla bağlı "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə layihəsi) məqaləsini təqdim edirik:

Uşağın solaxay, sağanay (sağ əllə yazan) yaxud ikili vərdişə malik olması anadangəlmə xüsusiyyət olsa da, dili mənimsəməyə başladıqları dövrdə - təxminən 4 yaşında özünü büruzə verir və ömürboyu davam edən vərdiş kimi qalır.

Beynin sol yarımkürəsi bədənin sağ tərəfinin, beynin sağ yarımkürəsi isə bədənin sol tərəfinin hərəkətlərini kontrol edir. Nitq kimi mürəkkəb bacarıqların inkişafı üçün uşaqlarda ilk olaraq fundamental sensor və motor bacarıqlar formalaşmalıdır. Psixoloqların fikrincə, kiçik motor hərəkətlərin inkişafı (əl və barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər) dilin mənimsənilməsi və nitqin inkişafı üçün zəmin yaradır. Motor bacarıqların ilkin inkişaf mərhələsində uşaqlar sadə hərəkətlərin icrası üçün hər iki əldən bərabər səviyyədə istifadə etməyi bacarırlar. İnkişafın sonrakı mərhələsində isə mürəkkəb hərəkətlərin icrası üçün beynin sol yarımkürəsinin daha kompleks funksional fəaliyyəti tələb olunur, nəticədə isə sağ əldən istifadə vərdişləri inkişaf edir.

Tədqiqatlar göstərir ki, solaxaylıq inkişaf anomaliyası deyil. Bu, beynin funksionallığı ilə bağlı haldır və normal qəbul edilməlidir. Tədqiqat və müşahidələr onu da göstərir ki, solaxay uşaqlara məcburi olaraq sağ əldən istifadə vərdişlərinin öyrədilməsi onlarda bəzi psixoloji və davranış problemləri (səliqəsiz əl yazısı, kəkələmə, zəif konsentrasiya, fiziki yorğunluq və s.) yarada bilər. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bir fəaliyyətin icrasında sağ əldən istifadə bacarığının mənimsənilməsi ilə insan tamamilə sağanay olmur, o, sadəcə bir növ fəaliyyətin icrasında sağ əldən istifadə edir, digər fəaliyyətlərdə isə yenə solaxay olaraq qalır.
Buna görə də istər təlim məşğələlərində (yazmaq, şəkil çəkmək və s.), istərsə də gündəlik sosial fəaliyyətlərdə solaxay uşaqlar olduğu kimi qəbul edilməli və onlara hörmətlə yanaşılmalıdır.

 

# 3628
avatar

Oxşar yazılar