1456
17:24
30 İyul 2020

Azərbaycan Prezidentinin siyasətində İNSAN AMİLİ

“Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”.

Prezident İlham Əliyev bu fikirləri yaxın günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı səsləndirib.

Lent.az -ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, aztəminatlı ailələrin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Bu, ölkəmizdə insan amilinin dövlət siyasətinin tərkib hissəsi olmasından xəbər verir. Ötən il də həyata keçirilən tədbirlər bu qəbildən olan insanların həyat tərzinin mütəmadi olaraq yaxşılaşdırılmasının diqqətdə saxlanılmasından xəbər verir. Məsələn, keçən il şəhid ailələrinə 934 mənzil verilib, bu il isə 1500. Ondan əvvəlki illərdə təqribən ildə 600-700 mənzil verilib. Dünyanın heç bir ölkəsində şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə belə yüksək səviyyədə qayğı göstərilmir. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Təbii ki, bütün bunların həyata keçirilməsi üçün böyük vəsait nəzərdə tutulur. Dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bizim bütün işimizin məqsədində Azərbaycan vətəndaşının maraqları dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı olan layihələr icra edilməlidir, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır. Heç bir problem sosial layihələrin icrasını dayandıra bilməz. Son 17 il ərzində həyata keçirilən siyasi kurs da bunu təsdiqləyir. Bu siyasətin əsasını əhalinin həyat tərzinin yaxşılaşdırılması təşkil edib. Bu istiqamətdə əsaslı dönüş yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərilib.

Ümumiyyətlə, sosial layihələrin icrası hər zaman prioritet vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində böyük razılıqla qarşılanır. Çünki bu siyasət müxtəlif sosial qrupların həyat tərzinin daha da yaxşılaşdırılmasına, insan amilinə hörmətin formalaşdırılmasına, siyasi sabitliyin bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur. Bu, həm də ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirir.

Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən dəfələrlə onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını diqqətə çatdırıb və əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün pandemiyanın ciddi təhlükə yaratmasına baxmayaraq, bundan sonra da genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsinin prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacağını bildirib.

Dünyanı koronavirus təhlükəsi bürüdüyü bir vaxtda dövlətimizin başçısı sosial layihələrin reallaşdırılması mərasimində iştirak edir, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni layihələrin hazırlanması barədə göstəriş verir. Son aylarda -pandemiyanın şiddətləndiyi vaxtda hətta dövlətlərarası əməkdaşlıqda da müəyyən fasilələr yaransa da, ölkəmizdə sosial layihələrin icrası istiqamətində tədbirlər davam etdirilir. Nəzərdə tutulan sosial proqramlar icra olunmuş, bir sıra beynəlxalq tədbirlər videokonfrans formatında təşkil olunmuş, yeni istifadəyə verilmiş müəssisələrin açılış mərasimləri keçirilmişdir. Açılışların, demək olar ki, hamısında ölkə Prezidenti, əksəriyyətində də Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdir. Ümumilikdə, son vaxtlar, pandemiyanın tüğyan etdiyi vaxtda dövlət başçısının iş qrafiki çox gərgin olmuşdur. Belə ki, Prezident İlham Əliyev 30- a yaxın tədbirdə iştirak edib. Bu tədbirlərin 20- dən çoxu sosial proqramların icrası ilə əlaqədar olmuşdur. Yeri gəlmişkən, iyulun 29- da dövlətimizin başçısı Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarında səfərdə olmuş, bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. Yeni açılan obyektlərin əksəriyyəti sosialyönümlüdür. Yeni iş yerləri açılmış, yol infrastrukturu daha da yaxşılaşdırılmış, modul tipli xəstəxana açılmışdır. Bütün bunlar əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına xidmət edir. Koronavirusun hələ də yayıldığı bir vaxtda belə tədbirlərin həyata keçirilməsi böyük cəsarət və iqtisadi qüdrət tələb edir.

Son vaxtlar həm paytaxtda, həm də regionlarda modul tipli xəstəxanaların açılışı, bir sıra səhiyyə ocaqlarının yenidən əsaslı şəkildə qurulmasında əsas məqsəd pandemiyaya qarşı səmərəli mübarizədir. Biz artıq bunun bəhrəsini görürük. Son günlərin statistik məlumatlarında da bu virusdan sağalanların sayının yoluxanların sayından xeyli çox olması görülən işlərin bariz nümunəsidir.

Göründüyü kimi, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi kursun əsasını insan amilinin təşkil etməsi koronavirusun bəşəriyyətin başı üzərini aldığı vaxtlarda özünü daha aydın şəkildə büruzə verdi. Prezident İlham Əliyev yerli əhali ilə yanaşı, dünyanın müxtəlif ölkələrində əziyyət çəkən insanların da həyatını düşünən liderdir. Pandemiya dövründə Azərbaycan dövlətinin dünyanın 30-dan çox ölkəsinə humanitar və maliyyə yardımı göstərməsi, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etməsi insan amilinə verilən dəyərin təsdiqdir.