Müdafiə naziri şəxsi heyəti təbrik etdi
28 iyul 2020 13:51 (UTC +04:00)

Müdafiə naziri şəxsi heyəti təbrik etdi

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik edib.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Mütərəqqi islami dəyər və ənənələrin uca tutulduğu Azərbaycanda dövlət səviyyəsində, ümumxalq bayramı kimi qeyd olunan Müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsidir. Azərbaycan rəhbərliyinin bütün dövrlərində ümummilli lider Heydər Əliyevin apardığı dövlət quruculuğu siyasəti, azərbaycançılıq ideyası milli-mənəvi amilləri yüksək tutaraq adət-ənənələrimizin, islami və bəşəri dəyərlərin qorunub saxlanmasına xidmət edib.

Ulu Öndərin layiqli varisi möhtərəm Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib. Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə etmiş, islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət olaraq dünyada şöhrət qazanıb.

Bu müqəddəs bayram günündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmətlə yad edir, onların ailə üzvlərini və yaxınlarını, bu yolda sağlamlığını itirmiş silahdaşlarımızı və əziz veteranları Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalan şəxsi heyət döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın rəhbərliyi altında hər an döyüşlərə hazır olacaq.

Sizi Müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram. Bayramınız mübarək olsun!".

# 3079
avatar

Oxşar yazılar