12:52
27 İyul 2020

Prokurorluq Xırdalanda qətllə bitən kütləvi dava ilə bağlı MƏLUMAT YAYDI

İyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub.

Abşeron rayon Prokurorluğundan Lent.az -a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Xırdalan şəhəri, İslam Səfərli küçəsində bir qrup şəxs – bir tərəfdən Məmməd Məmmədov və Xəlil Məmmədov, digər tərəfdən isə Tural Quliyev, Yaşar Mövsümov, İlqar Həsənəliyev, Rəman Mirzəyev və Hüseynağa Yaqubov arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər nəticəsində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubov və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları xəsarətlərdən ölmələri, hadisənin digər iştirakçılarının isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri müəyyən olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Yaşar Mövsümov Cinayət Məcəlləsinin 29,120.2.4 və 221.3-cü maddələrində, Rəman Mirzəyev isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda hadisənin digər iştirakçılarının stasionar şəkildə müalicələri aparılır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisənin qız söhbəti üstündə baş verdiyi bildirilir.

Dİgər xəbərlər