17:31
22 İyul 2020

“Karantindən çıxmaq üçün yeni strategiyalar nəzərə alınmalıdır” - Nuran Abdullayev

“Son günlər ölkədə Ermənistanın törətdiyi təxribat halları virusla mübarizəni ikinci plana salsa da, vəziyyəti dərk edənlər üçün aydındır ki, virus yoxa çıxmayıb. Ona görə də bu dönəmdə yeni strategiyalar düşünülməlidir”.

Bunu Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

N.Abdullayev bildirib ki, koronavirusa ilk yoluxmanın qeydə alındığı zamandan daha əvvəllər mövcud olub-olmamasını müəyyənləşdirməyin vacibliyi ilə bağlı bir neçə ay əvvəl irəli sürdüyü təklifi yeni strategiyanın başlanğıcı ola bilər: “Artıq Fransa, İtaliya və İspaniyada elm adamları da bu fikri təsdiqləyən elmi araşdırmaları öz ölkələrində tətbiq edib və COVID-19-un rəsmi olaraq qeydə alındığı vaxtdan daha öncə yayılmasını iddia ediblər. Bu tədqiqatlar isə onların səhiyyə sisteminin zəif olmasını deyil, əksinə elm adamlarının və səhiyyəsinin kifayət qədər peşəkar və güclü olmasından xəbər verir”.

Əlavə olaraq, tibb elmləri doktoru qeyd edib ki, yeni strategiyanın əsasında mütləq şəkildə sensitivliyi və spesifikliyi yüksək olan müvafiq seroloji testlərin aparılması ilə və hətta ehtiyac olarsa, model və əhali arasında sorğu vasitəsilə virusu yüngül simptomlarla və ya virusu gizli keçirənlərin aşkar olunması əsas məqsəd götürülməlidir: "Bununla da əhalinin neçə faizinin artıq bu virusa yoluxmasını aşkar etmək mümkün olar ki, bu da karantin rejimindən əminliklə çıxmağa kömək edər".

Dİgər xəbərlər