Eynək gözləri tənbəlləşdirir?
15 iyul 2020 09:10 (UTC +04:00)

Eynək gözləri tənbəlləşdirir?

"Bəzən pasientlərdə, xüsusilə uşaqlarına eynək təyin olunmuş valideynlərdə səhv olaraq eynək görməni pisləşdirəcək, gözü tənbəlləşdirəcək fikirləri yaranır. Digərlərində isə bir müddət eynək istifadəsindən sonra görmə bərpa olunub düzələcək fikri formalaşır".

Bunu e-tibb.az-a oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib.

Oftalmoloq bildirib ki, gözün refraksiya  növündən asılı olaraq eynəklər yaxına görmənin, uzağa görmənin korreksiyası üçün  yaxud daimi istifadə üçün təyin olunur. Burada yaş faktoru, eynək təyin olunan şəxsin peşəsi, görmə itiliyi (faizlə), eynək təyini prosesində bəbək genişləndirən damladan istifadə olunması, hətta eynək çərçivəsinin məqsədə uyğun seçilməsi, eynəyin burun və qulaqda necə oturması və s. amillər rol oynayır: “Əslində uşaqlarda görmə zəifliyi, refraksiya qüsuru vaxtında aşkarlanıb korreksiya olunmasa, o zaman görmə zəifliyi göz "tənbəlliyinə", yəni ambliopiyaya, bəzən çəpliyə də səbəb olur. Başqa sözlə desək, eynək istifadə etməklə göz tənbəlləşmir, əksinə gözə yüksək görmə təmin etməklə gözə düşən gərginliyi, yükü azaltmış oluruq.

7-10 yaşından sonra təyin olunmuş eynəklərlə isə adətən eynəksiz (özgörməsi) görmə itiliyi artmadığı üçün uşaqlar təyin olunmuş eynəkləri həkim kontrolu ilə böyüyənə qədər (18yaşına qədər) istifadə edirlər. Əlbəttə, bu, refraksiya növündən, görmə itiliyindən asılı olaraq bəzən dəyişə bilir”.

A.Əliyeva bildirib ki, yaşla əlaqədar ortaya çıxan yaxına görmənin zəifləməsi (presbiopiya) zamanı təyin olunan eynəklər də individual olaraq seçilməlidir: “Bu zaman pasiyentin öyrəşdiyi yaxına rahat görmə məsafəsi, anadan gəlmə refraksiya nömrəsi nəzərə alınaraq hesablanıb seçilir. Hər 5 ildən bir bu rəqəmlər dəyişilir, artıq eynək yetməzliyi hiss olunur. Belə vəziyyətdə də pasientlər bəzən “eynək istifadə etməklə gözümü zəiflətdim" fikrinə düşürlər.

Eynəklə yüksək görmə əldə etmiş gözlər eynəyi çıxaran kimi əvvəlki, öz görməsinə qayıdır, adətən məhz bu hal pasientlərdə çaşqınlıq yaradıb səhvən görmənin zəifləməsi kimi qəbul olunur. Bu səhv fikir müxtəlif şəxslərdə eynəklərə qarşı “qorxu" yaradır. Düzgün seçilmiş eynəklər başağrısı, diskomfort, eynəyə öyrəşməmək, gözlərdə yorğunluq kimi şikayətlər yaratmamalıdır. Buna görə eynək seçimi üçün professionala, optometristə yaxud oftalmoloqa müraciət etmək lazımdır”.

Mütəxəssis vurğulayıb ki, heç bir halda ailə üzvünün eynəyi sizə xoş təsir bağışlasa da, ondan həkim məsləhəti olmadan istifadə etməyin, yeraltı keçid yaxud əldə satılan eynəklərdən istifadə etməyin. Hər kəsin refraksiyası, bəbəklər arası məsafə, işlək məsafəsi, üz quruluşu, peşəsi və s. fərdi, müxtəlif olduğu üçün eynəklər də individual seçilməlidir. Düzgün seçilmiş eynəklərsə həyatınıza yalnız və yalnız komfort qata bilər.

# 3946
avatar

Oxşar yazılar