1537
12:28
09 İyul 2020

Polislərə bıçaq çəkən şəxs hakim qarşısına çıxarılır


Şəkidə polisə müqavimətdə təqsirli bilinən Sənan Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elçin Mehdiyevin icraatına verilib.

İş üzrə iki polis əməkdaşı zərərçəkən kimi tanınıb.

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar Şəki rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq müqavimət göstərib.

Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.

Şəki rayon Polis Şöbəsində onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.