“Həkim protezi yerləşdirib pulunu almaq üçün saat 1-dən 6-ya qədər bizi ləngidib. Anam masada qalmışdı, ancaq bunu gizlədirdilər”.
Bu sözləri Lent.az-a bu il iyunun 4-də İstanbul NS klinikasında anasını itirən şikayətçi Raisə Həsənova bildirib. O, həmin klinikanın həkimi travmatoloq-ortoped Emil Kazımın işinə məsuliyətsiz yanaşdığını söyləyib:
“Ayın 3-ü səhər saat 11-də anamı bud sümüyünün sınığı diaqnozu ilə klinikaya yerləşdirdik. Bizə dedilər ki, gedə bilərsiniz, heç nə lazım deyil. Axşam anam zəng vurub dedi ki, “burda mənə baxmırlar, özümü narahat hiss edirəm, özünüzü mənə çatdırın”. Biz də dedik yəqin ərköyünlük edir. Səhər bacım əməliyyatdan öncə klinikaya gedəndə gördü ki, anam evdən çıxanda əynində olan “pampers”də, paltarları suyun içindədir. Bacım məsələ ilə bağlı reanimasiya şöbəsinin müdiri Bəhruz Məmmədovla görüşüb şikayətini bildirdi. Dedi ki, yaşlı bir qadına niyə belə münasibət göstərilib. Bizə bildirdi ki, “Siz bizə xof gəlirsiniz”, “ola bilsin tibb bacısının nəzərindən qaçıb””.
Raisə xanımın sözlərinə görə, daha sonra həkim onlara yaxınlaşaraq deyib ki, “maraqlandım, axşam ananıza yaxşı baxılmayıb, bu mənim günahım deyil, narahat olmayın, indi onu əməliyyata götürüb, sapsağlam da sizə təhvil verəcəm”
Lakin biz anamızı xəstəxanadan çıxarmaq istəyirdik, çünki bir il əvvəl də o eyni əməliyyatı başqa bir klinikada etdirmişdi, əlavə heç bir problem yaranmamışdı. Bu dəfə isə həkim bizə dedi ki, xəstəni çıxarmağa heç bir ehtiyac yoxdur: “Ananızı müayinə etmişəm, bütün orqanları sağlamdır”. Bacım da həkimdir, o da anlizlərə baxmışdı, hər şey yolunda idi”.
Xanım bildirir ki, daha sonra həkim köməkçisi ilə birlikdə əməliyyata girib. Onlar əməliyyatın gedişi ilə bağlı məlumat almaq üçün köməkçinin əlaqə nömrəsini qeyd ediblər:
“Əməliyyatdan yarım saat sonra əlaqə saxladıq, köməkçi telefonu dərhal həkimə ötürdü. Bacım təəccüblənib soruşdu: “Həkim siz əməliyyatda deyilsiniz?” “Anamın vəziyyəti necədir?” Həkim də bildirdi ki, ananızın vəziyyəti kritikdir, ürəyi dayanıb, təzyiqi düşüb, buna görə əməliyyatı dayandırdıq. Daha sonra telefonu söndürdü. 10 dəqiqə sonra bacım təkrar əlaqə saxlayanda da yenə deyildi ki, “gözləyirik, vəziyyət normallaşsın və əməliyyata davam edək”.
Həkim əməliyyatdan çıxandan yarım saat sonra bizi otağına dəvət etdi. Bizə bildirdi ki, ananızın vəziyyəti kritikdir, onu vəziyyətdən çıxarmışıq, aparata qoşmuşuq:
“Həkim Bəhruz Məmmədov (reanimasiya şöbəsinin müdürü) xəstənin yanındadır. Mən indi gedirəm başqa xəstəxanda əməliyyatım var”.
Həkim dərhal klinikanı tərk elədi. Bundan sona anamız haqqında bizə bir məlumat verən olmadı. Sonradan bizə bildirdilər ki, Bəhuz Məmmədovun köməkçisi sizə məlumat verəcək. Düz 3-saat sonra deyildi ki, ananızın vəziyyəti pisdir. Üstündən yarım saat keçəndən sonra isə dedilər ki, vəziyyəti düzəlib, tamamilə yaxşılaşmasa da, əvvəlki vəziyyətdən çıxıb. Siz burada gözləməyin, çıxın gedin, səs-küy salmağa da ehtiyac yoxdur, biz özümüz sizi məlumatlandıracağıq. Biz yenə gözlədik, bacım növbəti dəfə əlaqə saxlayanda dedilər ki, ürəyin “klapan”ları istədiyimiz qaydada vurmur. Bir nəticə olanda sizə bildiriləcək. Üstündən yarım saat keçəndən sonra bizə söylədilər ki, ananızın ürəyi dayandı. Həmin vaxt həkim xəstəxanada deyildi. Bundan 30 dəqiqə sonra gizlincə reanimsiyaya daxil olub dedim ki. düz 6 saatdır bizi aldadırsan. Protezi yerləşdirib pulu almaqdan ötrü niyə bizi ləngidirdiz? Əgər anamın ürəyində belə bir problem varidisa, niyə onu belə bir əməliyyata götürüdüz”?
Şikayətçi bildir ki, onların fikrincə, xəstəyə protez vəfat edəndən sonra yerləşdirilib, çünki nəşi onlara çox gec veriblər:
“Bundan sonra başımız yasa qarışdı. 3 gün sonra təkrar əlaqə saxlayanda da həkim tutarlı bir cavab verə bilmədi. Belə çıxır ki, mən anamın ölümünə pul vermişəm. Sabahı gün pulu tələb edəndə dedilər: “Biz ora protez yerləşdirmişik, ödənişi qaytara bilmərik”. Heç bilinmir, hansı şəraitdə anama qol çəkdiriblər ki, əgər bir hadisə baş verərsə, bizə göstəsinlər”
Məsələyə aydınlıq gətirmək üçün sözügedən həkim Emil Kazıma müraciət etdik. O, vəziyyətlə bağlı öncədən xəstə yaxınlarını məlumatlandırdığını söylədi:
“Həmin xanımın keçirdiyi hisləri çox yaxşı başa düşürəm. Hər birimizin anası var, yaşından asılı olmayaraq, onu itirmək istəmirik. Vəfat edən xanımın 80 yaşı var idi. Biz əməliyyata girməzdən öncə xəstə yaxınlarını məlumatlandırmışdıq ki, onun 35 faiz sağ qalma ehtimalı var. Biz bütün məlumatı onlara vermişdik. Xanımın aqressivliyi ona görədir ki, xəstəxanaya ödədikləri pulu geri almaq istəyir. Ödənilən məbləğ isə heç xəstənin dərmanlarının puluna yetməyib. Müalicə zamanı istifadə olunan protezin pulu mənim üstümdə qaldı”.
Həkim E. Kazım bu şikayəti işıqlandıracağımız təqdirdə saytımızın klinika tərəfindən məhkəməyə veriləcəyini də bildirdi. Biz də bununla bağlı hüquqşünas Səbuhi Axundovla əlaqə saxladıq. Onun sözlərinə görə, klinikanın saytı məhkəməyə vermək hüququ yoxdur:
“Əgər şikayəti işıqlandıran sayt hər iki tərəfin fikrini qeyd edərsə, bu halda heç bir məhkəmədən söhbət gedə bilməz”.
Banu