895
09:01
30 İyun 2020

Dünyada bu gün - VİDEO

CƏLAL ƏLİYEV

(1928-2016)

1. AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu‎ Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant, Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub. Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü olub. Onlarla monoqrafiya, kitab və elmi məqalənin müəllifidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-IV çağırış Milli Məclisin deputatı olub. "Qırmızı Əmək Bayrağı", "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb, Azərbaycan Prezidentinin fəxri diplomu və Həsən bəy Zərdabi mü­ka­fatı ilə təltif olunub. Cəlal Əliyev 2016-cı il yanvarın 31-də dünyasını dəyişib və Fəxri Xiyabanda torpağa tapşırılıb. O, ümummilli lider Heydər Əliyevin, akademiklər Həsən Əliyev, Rəfiqə Əliyeva və əməkdar elm xadimi Aqil Əliyevin qardaşıdır.

MÜSEYİB BAĞIROV

(1915-1981)

2. Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağır oğlu Bağırov 30 iyun 1915-ci ildə Gəncədə dünyaya göz açıb. Bakı dənizçilik texnikumunu bitirib və 1941-ci ildə orduya xidmətə gedib. 1943-cü ildə hərbi məktəbi bitirərək, 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olub. Poltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərib, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv edib və ağır yaralansa da, döyüş meydanını tərk etməyib. 1944-cü il fevralın 22-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlayıb. Bir sıra orden və medallarla təltif olunub. “Volqadan Dunayadək” xatirələr kitabının müəllifi olan Müseyib Bağırov 1981-ci il mayın 17-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

ELŞƏN HÜSEYNOV

(1976-1995)

3. Azərbaycanın Milli Qəhrəmanı Elşən İbrahim oğlu Hüseynov 1976-cı ilin bu günü Saatlı rayonunun Qıraqlı kəndində anadan olub. 1993-cü ildə burada məktəbi bitirib və 1994-cü ildə Milli Orduya çağırılıb. 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı həlak olub və Saatlı rayonunun Qıraqlı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Elşən Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

FAZİL İBRAHİMOV

(1969-1992)

4. Şəhid Fazil Müzəffər oğlu İbrahimov 30 iyun 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıtdakı 21 nömrəli orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Sumqayıt politexnik texnikumuna daxil olaraq oranın inşaat fakültəsini bitiribO, Almaniyada hərbi xidmətdə olub, 1990-cı ildə ordudan tərxis olunub və Sumqayıta qayıdıb. “Rahibə” kiçik müəssisəsində ixtisası üzrə işləyib. Qarabağ müharibəsinin başlamasından sonra 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb. Fazil İbrahimov 1992-ci il yanvarın 1-də yaralı dostunu döyüş meydanından çıxararkən şəhid olub və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

FİRUDİN BƏY VƏZİROV

(1850-1925)

5. General-mayor Firudin bəy Camal bəy oğlu Vəzirovun anım günüdür. O, 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olub. İlk təhsilini Tiflis klassik gimnaziyasında alıb, daha sonra Yelizavetqradda süvari məktəbini bitirib. Hərbi xidmətə unter-zabit rütbəsində yeddinci Belarus qusar alayında başlayıb. Daha sonra Tver-Draqun alayında rotmistr, dördüncü eskadronun komandiri, 10-cu Novotroski draqun alayının komandiri olub, Qafqaz-Hərbi Dairə məhkəməsinin üzvü seçilib. Bir müddət Varşava, Rılski və başqa şəhərlərdə hərbi xidmətdə olub, 1906-cı il aprelin 18-də general-mayor rütbəsinə layiq görülüb. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Bakı şəhərinin komendantı təyin olunub, eyni zamanda Bakı şəhər qarnizonunun rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq ona tapşırılıb. Bir sıra orden və medallarla təltif olunan Firudin bəy Vəzirov bolşevik işğalından sonra - 1925-ci ildə həbs olunaraq iyunun 30-da güllələnib.

ƏLİ KƏRİM

(1931-1969)

6. Görkəmli Azərbaycan şairi, tərcüməçi Əli Kərimin xatirə günüdür. Əli Paşa oğlu Kərimov 1931-ci il martın 18-də Göyçay şəhərində fəhlə ailəsində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada yataqxana olmadığından, Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib. III kursdan Moskvadakı Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında şeir şöbəsinin müdiri olub. İlk nəşr olunan əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülüb. Əli Kərim 1969-cu il iyunun 30-da dünyasını dəyişib və Göyçayda dəfn olunub. Məzarı ətrafında adına park salınıb, heykəli ucaldılıb.

İRŞAD HƏSƏNQULİYEV

(1961-1992)

7. Şəhid İrşad Cəfər oğlu Həsənquliyev də bu gün xatırlanır. O, 1961-ci il avqustun 2-də Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Xidmətini Uzaq Şərqdə başa vurduqdan sonra 1982-ci ildə Çelyabinsk Metallurgiya İnstitutuna daxil olub. 1990-cı il 20 Yanvar hadisələrindən sonra doğma Çardaqlıya qayıdıb və milli orduya yazılıb. 1991-ci ildə ermənilərlə həmsərhəd 7 kəndə zona komandiri təyin edilib. Keçirdiyi uğurlu əməliyyatlara görə döyüş dostları onu “Qartal İrşad” deyə çağırmağa başlayıblar. İrşad Həsənquliyev 1992-ci ilin iyununda Qubadlı rayonunun Tarovlu kəndi uğrunda döyüşlərdə həlak olub. 1994-cü ildə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

ƏBÜLFƏZ MEHDİYEV

(1965-1992)

8. Şəhid Əbülfəz Bəbir oğlu Mehdiyevin anım günüdür. O, 1965-ci il noyabrın 1-də Qubadlı rayonunun Tarovlu kəndində doğulub. 1979-cu ildə səkkizillik təhsilini bitirdikdən sonra Şuşa şəhərindəki Musiqi Məktəbinə daxil olub, daha sonra Bakıdakı Kooperativ Texnikumunun qiyabi şöbəsində təhsil alıb. 1983-1985-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra Vətənə qayıdıb və Qubadlıda musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirib. Ermənilərin Azərbaycana hərbi təcavüzünün başlanması ilə əlaqədar Əliyar Əliyevin başçılıq etdiyi Qubadlı könüllü özünümüdafiə taboruna daxil olub. Topçu Əbülfəz Mehdiyev 1992-ci il iyunun 30-da Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüşdə dostu İrşad Həsənquliyevlə birlikdə həlak olub. 2008-ci ildə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.