Sadə həqiqət: Güclü Lider və güclü ordu Qələbənin təminatıdır
26 iyun 2020 16:54 (UTC +04:00)

Sadə həqiqət: Güclü Lider və güclü ordu Qələbənin təminatıdır

İyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: “Mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. 

Dövlətimizin başçısı haqlı olaraq həm də onu qeyd etdi ki, Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır və çox yüksək peşəkarlığa malikdir.
Və o da təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha təsdiqlədi.

Heç kimə sirr deyil ki, 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edilir. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunur.

2020-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün 3 milyard 853.6 milyon manat həcmində vəsait nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə təxminən 21 faiz çoxdur.

“N” saylı hərbi hissədəki çıxışında Prezident Silahlı Qüvvələrimizin bütün güc mənbələrini aydın təqdim etdi. Ordumuzun maddi texniki təchizatının, əsgərlərin xidmət, zabitlərin məişət şəraitinin fasiləsiz yaxşılaşdırılması, ən müasir döyüş sursatları ilə təminatı, əskərlərin döyüş və vətənpərvərlik ruhunun daim gücləndirilməsi,  orduya birmənalı güvənməsi ordumuzun şəksiz güc mənbələri kimi xarakterizə edildi. “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert  Aydın Quliyevin fikrincə,   Prezident İlham Əliyev ordumuzun şəxsi heyətinin mənəvi güc və döyüş ruhunu daha da artırmaq yollarını konkret söylədi. “Prezident İlham Əliyev ordunun şəxsi heyətinə öyrətdi ki, hansı tarixi dəyərlər uğrunda döyüşdüyünü dərindən bilən əsgər və zabit məğlubedilməz olur. Ermənilərin əlində qalmış tarixi toponimlərimizi bilməklə bağlı Prezidentin dedikləri əsgər və zabitlərimizin öz üzərilərində səylə işləmək vərdişlərini xeyli artıra bilər. Heç şübhə yoxdur ki, Prezidentin hərbi quruculuqda vacib hesab etdiyi metodik tövsiyə və tapşırıqlar ordu rəhbərliyi tərəfindən dəqiq icra olunacaq”.

Millət vəkili Hikmət Babaoğlunun fikrincə, milli maraqlarımızı qorumaq üçün daima güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir. “Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 orduları sırasındadır və bu qürurvericidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən məhz bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxundu. Əslində Prezidentin nitqi görülən və görüləcək işlər və eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi”.

Deputat onu da qeyd edir ki, Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqəti çəkərək bu ölkədə demokratiya adı altında diktatura rejiminin qurulmasını bildirdi: “Əslində doğurdan da işğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır. Milli Ordumuzun gücünə diqqət çəkən Prezident qeyd etdi ki, həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq”.

Dövlətimizin hərbi qüdrətinin artması və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bu günümüzün reallıqlarındandır. Bu gün ordumuz, hərbiyyəmizlə bağlı bir reallıq da var.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan bu gün həm də hərbi sənaye ölkəsidir. Ölkənin hərbi zavodlarında istehsal ounan silah-sursat dünyanın müxtəlif ölkələrinə ixrac edilir.

2018-ci ildə keçirilən “ADEX-2018” Üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi oldu.
Və bir həqiqəti heç kim unutmasın: Güclü LİDER, Güclü Ordu və güclü hərbi sənaye, Böyük QƏLƏBƏNİN təminatıdır.

# 3181
avatar

Oxşar yazılar