15088
17:34
27 İyun 2020

Koronavirusun ikinci dalğası və QIŞ AYLARI

Bəzi ölkələrdə koronavirus sürətlə yayılarkən, bəziləri "ikinci dalğa" təşvişini yaşayır.
Koronavirus pandemiyası ilə bağlı ikinci dalğa nə zaman başlayır? Qış ayları daha da təhlükəli olacaqmı?

Dünya bu suallar üzərində düşünür.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin səhiyyə mütəxəssisləri iyulun əvvəlində qadağaların yumşaldılmasından sonra yarana biləcək epidemiya vəziyyəti ilə bağlı hökuməti xəbərdar edib.

Bildirilir ki, 100 il əvvəl yaşanan İspan qripinin də ikinci dalğası birincidən daha ölümcül olub.
Bəs ikinci dalğa qaçılmazdırmı və nə qədər təhlükəli ola bilər?

İkinci dalğanı dəniz dalğasına bənzədən mütəxəssislər hesab edir ki, ikinci dalğa tamamilə geri çəkilmə olduqdan sonra baş verəcək. Alimlərin fikrincə, hazırda dünya ölkələrində baş verən artım və azalmanın ikinci dalğa ilə əlaqəsi yoxdur. Onlar düşünürlər ki, ikinci dalğanın olması üçün virusun yayılması nəzarət altına alınmalı, yoluxma faktları minimuma düşməlidir.

İngiltərə mütəxəssisləri qeyd edib ki, virus başladığı ilk gündəki kimi yoluxucu və öldürücü formasını qoruyur. Səhiyyə işçilərinin sözlərinə görə, əgər İngiltərədə hazırda qoyulan qadağalar və əməl olunan qaydalar aradan qaldırılsa, virusla bağlı vəziyyət fevral ayında olduğu kimi dəhşətli hal alar. Həkimlər bildirib ki, əgər qaydalar yumşaldılarsa, avqustun sonu, sentyabrın əvvəlində yeni dalğa yaşana bilər. Bundan başqa, qış aylarında başqa növ koronaviruslar da yayıldığı üçün yeni növ koronavirusa görə vəziyyət daha da kritik ola bilər. Müxtəlif universitetlərin mütəxəssisləri qış aylarında ikinci dalğanın qaçılmazlığını və hökumətlərin buna hazırlaşmasının vacib olduğunu açıqlayır.