11983
16:54
19 İyun 2020

Gizli yas mərasiminə görə CƏZALAR AÇIQLANDI

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım var. Virusun insandan-insana keçdiyini nəzərə alarsaq, kütləvi toplanılan yerlər sağlamlıq baxımından təhlükə yaradır. Qeyd edək ki, hələ mart ayından yas mərasimlərinin geniş formada keçirilməsi qadağan olunub. Amma buna baxmayaraq, yenə də yas mərasimlərində kütləvi toplaşma halları müşahidə olunur. Mərasim zalları fəaliyyət göstərmədiyindən ev şəraitində, darısqal otaqlarda insanların toplanması virusun yayılma təhlükəsini artırır. Son günlərdə yas mərasimində virusa yoluxanlar, hətta dünyasını dəyişənlərin olması vəziyyətin ciddiliyini bir daha gündəmə gətirir.

Əslində, insanlar bu məsələyə necə yanaşmalıdır? Yas mərasimlərinə qohum-əqrabanın, qonşuların toplanması mütləqdirmi?

Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Lent.az -a açıqlamasında bildirib ki, əhali arasında hələ də bu məsələyə laqeyd yanaşanlar var: “Bildiyiniz kimi, son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Təəssüf ki, hələ də bəzi vətəndaşlarımız məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar. Ölkəmizin milli təhlükəsizliyinin qorunması naminə hər birimiz daha diqqətli və məsuliyyətli olmalıyıq. Vətəndaşlarımızı qaydalara əməl etməyə çağırıram. Əks halda xəstəlik ölkəmizdə daha sürətlə yayılacaq, daha çox vətəndaşımız bu virusa tutulacaq”.

C.Məmmədov İslam dinində yas mərasimlərinin nə cür keçirilməsinə də diqqət çəkib: “Bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini təmtəraqla keçirməyə çalışırlar. Bəzi hallarda vəfat etmiş şəxsin qoyub getdiyi mal-dövlət yas mərasimlərinin keçirilməsinə sərf olunur və bu da sonradan onun arxada qoyub getdiyi şəxslərin çətinlik və sıxıntı içində yaşamalarına səbəb olur. Əslində həmin insanlar bu vəsaitləri digər vacib məqsədlər üçün istifadə edə bilərlər.

Ancaq insanların çoxu el qınağına tuş gəlməkdən qorxaraq etirazlarını bildirə bilmirlər. Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, deputat həmkarlarımızdan da bu məsələni bir neçə dəfə qaldıranlar olub. Ancaq qabağa düşənlər olmadığından, müzakirələr nəticəsiz qalıb. Əksəriyyət, camaat nə deyər, qınağından çəkinib.

Bu mərasimlər İslam ənənələrində çoxdan kənara çıxıb. İslam dininə görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtərağa və israfçılığa yol verilməməlidir”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli isə bildirib ki, yas mərasimlərinin mütləq kütləvi şəkildə keçirilməsi ilə bağlı dinimizin vacib hökmü yoxdur: “Dünyasını dəyişən insana meyit qüsulu verilir, kəfənə bükülür, namaz qılınır və dəfn olunur. Bununla dinimizin ölən insanla bağlı hökmləri bitir. İnsanların bir araya yığışması, başsağlığı üçün kiminsə evinə gedilməsi adi günlərdə bəyənilən əməllərdir. Normal şəraitdə insanlar bir-birinə təsəlli verir. Amma pandemiyanın olduğu bu günlərdə belə hallar qətiyyən yolverilməzdir. İnsanlar vəziyyəti başa düşməlidirlər. Dünyadan köçən insanın yaxını anlamalıdır ki, indiki şəraitdə bunu etmək yolverilməzdir. Biz savab iş görmək istəyirik, amma əksinə günaha yol veririk. Başqa insanların sağlamlığı üçün təhlükə yaradırıq. Dinimizdə də insanın sağlamlığına çox böyük önəm verilir. “Quran”da da göstərilir ki, insan gedəcəyi yerdə təhlükə olduğunu hiss edirsə, ora getməsi qadağandır. Bunu insanlara anlatmaq lazımdır”.

Ş.Həsənli onu da vurğulayıb ki, QMİ din xadimlərinə də bu tapşırığı verib ki, yas yerində insanların içtirakına şərait yaratmasınlar: “Təbii ki, ailə üzvləri dünyadan köçəni yad edə bilər. Amma çox insanın toplaşması həm dini, həm də hüquqi baxımdan yolverilməzdir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi bu gün yas mərasimlərində qayda və tövsiyələrə əməl etməyən din xadimləri barədə müvafiq ölçü götürüləcəyini açıqlayıb.

Qurumdan bildirilib ki, dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə karantin gündəmə gələn ilk günlərdən koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq, kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı ilə və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən artıq şəxsin iştirakı ilə ehsan verilməsi və yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb: "Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa QMİ tərəfindən müvafiq ölçü götürüləcək.

QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaqdır, inşallah. Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fəddakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədirlər və bundan şərəf duyurlar".