1198
11:57
19 İyun 2020

Dövlət Xidmətindən əcnəbilərə MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti 2020-ci il avqustun 1-dək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Qurumdan Lent.az -a verilən məlumata görə, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 2020-ci il avqustun 1-dək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti avqustun 1-dək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.

Daha ətraflı məlumat almaq istəyənlər (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərlər.