10:55
18 İyun 2020

Azərbaycan-Türkmənistan əlaqələrinin Türk Şurasının inteqrasiya prosesində rolu - TƏHLİL

Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında münasibətlərdə bəzi məsələlər ətrafında fikir ayrılığı hökm sürsə də, Azərbaycan-Türkmənistan münasibətləri son 5 ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir . Bu da, öz növbəsində, Azərbaycan və Türkmənistanı ''TRACECA'' , ''Lapis Lazuli'', ''Xəzər dənizi - Qara dəniz'', ''Şərq - Qərb'' kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.

Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir . Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Şurasının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Şuranın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir .

2018-ci ildə istifadəyə verilmiş Lapis Lazuli beynəlxalq marşrutu Əfqanıstandan (Türkmənistan, Azərbaycan və Gürcüstandan keçməklə) Türkiyəyə və əks istiqamətdə müxtəlif növ məhsulların daşınmasını həyata keçirməklə, Türkmənistan və Azərbaycanın (baxmayaraq ki, bu iki ölkənin açıq okeana çıxışı yoxdur) coğrafi vəziyyətini strateji üstünlüyə çevirməklə, regionun müsbət nəqliyyat potensialına malik olduğunu ortaya qoyur. Lapis Lazuli marşrutunun Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə birləşdirilməsi, marşrutun keçdiyi ölkələrin ixrac potensialını artıraraq, xərcləri minimuma endirir.

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya neft və qaz resursları ilə zəngin olan Xəzər regionuna beynəlxalq marağı artırmış və regionlararası iqtisadi məkana inteqrasiyası üçün yeni perspektivlər yaratmışdır.

Hal-hazırda iki ölkə arasında gündəmdə olan daha bir məsələ Türkmən qazının Azərbaycanın da çəkilməsində önəmli iştirak payı olduğu Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılmasıdır. Bunun üçün Xəzər dənizinin dibi ilə çəkilməsi gərəkli olan 300 km-lik Transxəzər Qaz Kəməri layihəsi var. Türkmənistanın enerji ixracının diversifikasiyası baxımından bu layihə cəlbedici mahiyyət daşıyır və Azərbaycanın mövcud infrastrukturu Türkmənistan üçün bizimlə əməkdaşlığı şərtləndirən vacib amillərdən biridir. Bu yolla əsasən Çin bazarından (təxminən 80%) asılı olan Türkmənistan müxtəlif potensial enerji istehlakçılarına açıla bilər. Əgər Transxəzər Qaz Kəməri layihəsi reallaşarsa, Türkmənistan və Azərbaycan, Avropanın təbii qaza olan illik tələbatının (450-500 milyard kub metr) təxminən 7-10%-ni ödəyə biləcək ehtiyatlara malikdir.

İki ölkə arasındakı digər məsələ isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətdir. Belə ki, Azerbaijan Digital Hub proqramı çərçivəsində həyata keçirilən layihə Avropa və Asiya arasında internet - kommunikasiya əlaqələrinin (Rəqəmsal İpək Yolu) optimallaşdırılmasına xidmət edir . Bu layihəni həyata keçirməklə Azərbaycan Avropa və Asiya arasında təkcə nəqliyyat və enerji deyil, həmçinin rəqəmsal mərkəzə çevrilmə niyyətini ortaya qoyur. Layihənin iqtisadi cəhətdən potensialı böyükdür və əgər Azərbaycan bu layihəyə investisiya cəlb etməyi bacarsa, bu, regiona, eləcə də Türk Şurası ölkələrinə İKT sahəsində faydalar gətirəcək .

Bütün qeyd olunan nəqliyyat layihələri Azərbaycan və Türkmənistanın qeyri-neft sektorundan əldə edə biləcəyi qazancları artırmaqla bərabər, ölkələrimizə regionda etibarlı tərəfdaş imicini qazandırır. Eləcə də Türkmənistanla aramızda olan bu marşrutlar vasitəsilə Azərbaycan mallarının Asiya bazarlarına və Türkmənistan mallarının Avropa bazarına çıxması üçün ən qısa və ən ucuz şəkildə yola sahib olmağımız, ölkələrin ixrac potensialının artmasına da öz müsbət töhfəsini verməkdədir.

Yuxarıda sadalanan bütün layihələr, eləcə də Qazaxıstan - Türkmənistan - İran və Özbəkistan - Türkmənistan - İran - Oman dəmiryolları şəbəkələri ilə Azərbaycan və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə, Mərkəzi Asiya - Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında mərkəz mövqedə yerləşən Türk Şurası dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividentlər qazandırır. Beləliklə, Azərbaycan ilə Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirir.

Dİgər xəbərlər